عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Jonah [Yunus] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Jonah [Yunus] Ayah 109 Location Maccah Number 10

İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut və iman gətirənləri müjdələ ki, Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara təəccüblü göründümü ki, kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.

Şübhəsiz ki, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan bir qövm üçün dəlillər vardır.

Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada (bir-birlərini) salamlaması: “Salam!” (sözü) və dualarının sonu: “Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur!” (sözləri olacaqdır).

Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində şaşqın bir halda tərk edərik.

Sonra da, sizin necə davranacağınızı görməyimiz üçün onların ardınca sizi yer üzündə xələflər təyin etdik.

Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman (qiyamət günü) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!”– dedilər. De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxuram”.

De: “Əgər Allah istəsəydi, mən onu (Quranı) sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan (Quran nazil ediləndən) öncə sizin aranızda (qırx il) yaşadım. Məgər dərk etmirsiniz?”

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz (asi kimsələrə möhlət) verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.

(Müşriklər) deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət nazil ediləydi!” De: “Qeyb yalnız Allaha məxsusdur. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar.” Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq” – deyərlər.

(Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizədir, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar.

O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!”– deyəcəyik. Biz onları (bir-birindən) ayıracağıq. Şərikləri (onlara belə) deyəcəkdir: “Siz bizə ibadət etmirdiniz.

Orada hər kəs keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar.

De: “Allaha qoşduğunuz şəriklər arasında (hər hansı bir) məxluqu ilk dəfə yaradan, öldükdən sonra onu əvvəlki halına qaytara bilən bir kimsə varmı?” De: “Məxluqu ilk dəfə yaradan, (öldükdən) sonra onu (əvvəlki halına) qaytaran Allahdır. Siz necə də (haqdan) döndərilirsiniz!”

De: “(Allaha) qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”

Bu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır. Lakin o, özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan, kitabı (halalı, haramı və dini əhkamları) müfəssəl izah edəndir.

Yoxsa: “Muhamməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa (köməyə) çağırın!”

Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”.

Onlar arasında sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?

(Allah) onları (bir yerə) toplayacağı gün, sanki (dünyada və yaxud qəbirdə) gündüzün yalnız bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Onlar doğru yola yönələn deyillər.

Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə (dünyada) göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Sonra, Allah onların nə etdiklərinə Şahiddir.

(Kafirlər) deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”

De: “Allah istəmədikcə, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman (ondan) bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.

(Müşriklərə) de: “Bir deyin görək, əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə, onda günahkarlar bunun hansını tələsik istəyəcəklər?

(Əzab) başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”

Sonra zalımlara: “Dadın əbədi əzabı! Məgər siz yalnız qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”– deyiləcəkdir.

Səndən: “O (Qiyamət gününün əzabı) doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz ondan yaxa qurtara bilməyəcəksiniz”.

Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.

O dirildir və öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.

De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna) sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir.

De: “Allahın sizə bəxş etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız.” De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı yaxırsınız?”

Onlar iman gətirən və (pis əməllərdən çəkinərək) Allahdan qorxan kimsələrdir.

Onların sözləri səni kədərləndirməsin. Çünki izzət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.

Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də (ruzi qazanmanız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.

Onlar: “Allah (Özünə) övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Buna aid sizdə bir dəlil varmı? Yoxsa Allah barədə bilmədiyiniz şeyimi söyləyirsiniz?

Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər (aranızda) qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. (Allaha) qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət də verməyin.

Əgər üz çevirsəniz, (bilin ki,) mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”.

Onlar Nuhu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!

Sonra onların ardınca Musanı və Harunu, Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir qövm idilər.

Bizim tərəfdən onlara haqq gəldikdə isə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər.

Onlar (əllərindəki ipləri və dəyənəkləri) atdıqda Musa: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaqdır. Çünki Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz”– dedi.

Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlara (bu mal-dövləti insanları) Sənin yolundan azdırmaq üçünmü verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.

(Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.

Biz bu gün bədənini, səndən sonra gələnlərə ibrət olsun deyə, (dənizdən sahilə ataraq) xilas edəcəyik”. Həqiqətən də, insanların əksəriyyəti ayələrimizdən qafildir.

Həqiqətən, Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər.

Onlara bütün ayələr gəlsə belə, ağrılı-acılı əzabı görməyincə (iman gətirməzlər).

(Əzab gəldiyi an,) Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik.

Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş (əzablı) günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

Əgər Allah sənə bir zərər toxundursa, bu zərəri Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

Sənə nazil edilən vəhyə tabe ol və Allah hökm verənə (İslam bərqərar olana) qədər səbir et. O, hökm verənlərin ən xeyirlisidir.