عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Joseph [Yusuf] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Joseph [Yusuf] Ayah 111 Location Maccah Number 12

Yusif və onun qardaşlarının hekayətində (bu haqda) soruşanlar üçün ibrətlər vardır.

Bir vaxt (Yusifin qardaşları) belə demişdilər: “Biz (güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (doğma) qardaşı (Binyamin) atamıza bizdən daha sevimlidir. Həqiqətən atamız açıq- aşkar yanlışlıq içindədir”.

(Aralarından biri dedi:) “Yusifi ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.

Onlar dedilər: “Atacan! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir istəyirik.

Sabah onu bizimlə (gəzməyə) göndər, bir qədər əylənib oynasın. Biz onu mütləq qoruyacağıq!”

Onlar: “Biz (güclü) bir dəstə olduğumuz halda canavar onu yesə, onda biz ziyana uğrayarıq”– deyə cavab verdilər.

Onlar axşamüstü (yalandan) ağlayaraq atalarının yanına gəlib,

(Qardaşları) onun köynəyinə yalandan qan ləkəsi sürtüb gətirmişdilər. (Yəqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.

(Nəhayət, quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Müjdə! Burada bir oğlan uşağı var!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.

(Yusif) yetkin çağına çatdıqda, Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Haydı gəlsənə!”– dedi. O isə: “Allaha sığınıram! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”

(Yusif) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır.

Əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”.

(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu, siz qadınların hiyləsidir. Həqiqətən də, sizin hiyləniz böyükdür.

Yusif, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad,) günahına görə bağışlanma dilə. Çünki sən, günahkarlardansan”.

Qadın onların hiyləsindən xəbər tutduqda məclis qurub onları (qonaqlığa) dəvət etdi, onlar üçün mütəkkələr hazırladı, (sonra da) onların hər birinə bir bıçaq verdi və (Yusifə): “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusifi gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və: “Allah qorusun! Bu ki, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir!”– dedilər.

(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha sevimlidir. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

Rəbbi onun duasını qəbul etdi və qadınların hiyləsini ondan uzaqlaşdırdı. Həqiqətən, O, Eşidəndir, Biləndir.

Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, (üzümdən) şərab sıxıram.” Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan (dimdikləyib) yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, biz səni yaxşı adam hesab edirik”.

Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz (yenə) öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan hökm verilmişdir”.

(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!”. Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o (Yusif) zindanda bir neçə il də qaldı.

Hökmdar dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu (yaşıl sünbüllərin quru sünbüllərə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.

(Zindandakı) iki nəfərdən qurtulanı, bir müddət sonra (Yusifi) xatırlaıb dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni (Yusifin yanına) göndərin!”.

(O, zindana gəlib dedi:) “Ey Yusif! Ey düz danışan insan! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbüllər) barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına (dorğu xəbərlə) qayıdım və bəlkə onlar da (bu yuxunun yozumunu) bilsinlər”.

Sonra bunun ardınca yeddi ağır il (quraqlıq illəri) gələcək. (O zaman toxumluq) saxlayacağınız az miqdar müstəsna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyərsiniz.

Bunun ardınca da elə bir il gələcək ki, o zaman insanlara bol yağış nazil olacaq və onlar (zeytun, üzüm və s. meyvə şirəsi) sıxacaqlar”.

Hökmdar (bu yozumu eşitdikdə,) dedi: “Onu yanıma gətirin!”. (Hökmdarın göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə (Yusif) dedi: “Ağanın yanına qayıt və soruş ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini biləndir”.

(Hökmdar qadınları çağırtdırıb) dedi: “Yusifi yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.

Bu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kəs müstəsna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir”.

Hökmdar dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. (Hökmdar) onunla söhbət etdikdən sonra: “Sən (artıq) bu gün yanımızda yüksək məqam sahibi və etibarlı bir adamsan”– dedi.

(Yusif) dedi: “Məni bu diyarın (Misirin) xəzinələrinə məmur təyin et. Çünki mən qoruyanam, (bu işi) bilənəm”.

İman gətirənlər və (Allahdan qorxub) pis əməllərdən çəkinənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.

Yusifin qardaşları (Misirə) gəlib onun yanına daxil oldular. (Yusif) onları tanıdı, lakin onlar onu (Yusifi) tanımadılar.

(Yusif) onların ərzaq yüklərini hazırlayıb, dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər mənim ölçüyə tam riayət etdiyimi və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!

Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq gözləməyin və özünüz də mənə yaxınlaşmayın”.

Onlar dedilər: “Ondan ötrü atasını razı salmağa çalışarıq və əlbəttə ki, (bunu) edərik”.

(Yusif) öz xidmətçilərinə dedi: “Onların (taxıl əvəzinə) ödədikləri mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə bunu başa düşsünlər və ola bilsin ki, (yenidən yanımıza) qayıtsınlar”.

Onlar atalarının yanına qayıtdıqda dedilər: “Atacan! Bizə ərzaq verilməsi qadağan edildi. (Yenə) ölçüb (taxıl) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz, əlbəttə, onu qoruyacağıq”.

(Yəqub) dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?! Allah ən yaxşı qoruyandır və O, rəhmlilərin ən rəhmlisidir”.

Onlar yüklərini açdıqda, verdikləri mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Atacan! Daha nə istəyirik? Budur, malımız özümüzə qaytarılıb. Biz (qardaşımızı özümüzlə aparsaq,) ailəmizi yenə ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu gətirdiyimiz isə az miqdarda ərzaqdır”.

(Yəqub) dedi: “Başınıza bir müsibət gəlib çarəsiz qalmanız müstəsna olmaqla, (Bin Yamini) yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm”. Onlar and içib söz verdikdə, (Yəqub) dedi: “Allah söylədiklərimizə şahiddir”.

(Yəqub) dedi: “Ey Oğullarım! (Misirə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin (sizə zərər toxunmasın). (Bununla belə,) mən Allahın sizin əleyhinizə yazdığı heç bir şeyi dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər”.

(Yusifin qardaşları) atalarının onlara əmr etdiyi kimi, (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda, (bu,) Allahın yazdığı qədəri onlardan dəf edə bilmədi. (Bu,) sadəcə Yəqubun ürəyindəki bir istək idi ki, bunu onlara bildirdi. Şübhəsiz ki, Biz (Yəqubu) öyrətmişdik deyə, o, elm sahibi idi. Lakin insanların əksəriyyəti (Bizim seçdiyimiz kəslərə vəhy yolu ilə elm öyrətdiyimizi) bilməz.

Onlar Yusifin yanına daxil olduqda, o, qardaşı (Bin Yamini) bağrına basaraq: “Mən sənin qardaşınam. Onların etdiyi (pis) əməllərə görə kədərlənmə”– dedi.

(Yusif) onların yüklərini hazırladarkən, qardaşının yükünün içinə bir piyalə qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı (onları) haraylayıb: “Ey karvan əhli! Siz, həqiqətən də, oğrusunuz!”– dedi.

(Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– deyə soruşdular.

Onlar dedilər: “Hökmdarın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı:) “Mən buna zaminəm!”– dedi.

Onlar dedilər: “Allaha and olsun! Siz bizim bu yerlərə fitnə-fəsad törətmək üçün gəlmədiyimizi bilirsiniz. Biz oğru da deyilik”.

Onlar dedilər: “Əgər yalan desəniz, o halda (su qabını götürən kimsənin) cəzası nədir?”

(Qardaşlar) dedilər: “Onun cəzası (itmiş piyalə) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”.

(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən tapıb çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, hökmdarın qanunlarına görə, o, qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz istədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Hər bir bilik sahibindən də daha üstün bir bilən vardır.

Onlar dedilər: “Əgər (piyaləni) o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz ürəyində saxlayıb onlara söyləmədi və (öz-özünə): “Siz (Allah yanında) daha pis mövqedəsiniz. Allah sizin nə vəsf etdiyinizi (Yusifi oğurluqda ittiham etmənizi) çox yaxşı bilir”– dedi.

(Yusif) dedi: “Malımızı xurcununda tapdığımız kimsədən başqasını tutub saxlamaqdan Allaha sığınıram. Yoxsa, biz zülm etmiş olarıq”.

Ondan (Bin Yamindən) ümidlərini kəsdikdə, məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusifə qarşı haqsızlıq etməyiniz yadınızdadırmı? Atam mənə (geri dönməyə) izin verməyincə və ya Allah mənə aid hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.

(Böyük qardaşları belə dedi:) Atanızın yanına qayıdın və deyin: “Atacan! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə (Hökmdarın piyaləsinin Bin Yaminin xurcunundan çıxdığına) şahidlik etdik. Biz qeybi bilmirdik.

Olduğumuz məmləkətdən (Misir əhalisindən) və birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışırıq”.

(Yəqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq edib. Mənə isə gözəl səbir gərəkdir. Ola bilsin ki, Allah onların (Yusifi, Bin Yamini və böyük qardaşlarını) hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Hikmət sahibidir”.

(Yəqub) onlardan üz döndərdi və: “Heyif Yusifdən!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.

(Övladları ona) dedilər: “Allaha and olsun ki, sən Yusifi tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”.

(Yəqub) dedi: “Mən dərd-qəmimi yalnız Allaha ərz edirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizi (Yusifin yuxusunun doğru çıxacağını) bilirəm.

Onlar (Misirə gəlib Yusifin) hüzuruna daxil olduqda dedilər: “Ey hökmdar! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.

Onlar dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub (pis əməllərdən çəkinsə) və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.

Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün etdi. Biz isə (sənə olan münasibətdə, əlbəttə,) günah etmişik”.

Karvan (Misir torpağından) ayrılıb geri qayıtdıqda, ataları (yanındakı övladlarına) dedi: “Mən, Yusifin qoxusunu hiss edirəm. Kaş ki məni ağılsız saymayaydınız”.

Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də köhnə yanlışlığın içindəsən”.

Müjdəçi gəlib köynəyi (Yəqubun) üzünə atan kimi onun gözləri açıldı və o dedi: “Məgər mən sizə, Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm deməmişdimmi?!”

Onlar dedilər: “Atacan! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günah iş görmüşük”.

(Yəqub) dedi: “Mən Rəbbimdən sizin üçün sonra bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.

O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı hörmət əlaməti olaraq) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəyə çevirdi. O mənə lütf etdi. (Belə ki,) məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Hikmət sahibidir”.

(Sonra Yusif dua edib dedi:) “Ey Rəbbim! Sən mənə mülk bəxş etdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”.

(Ey Peyğəmbər!) Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifə qarşı) hiylə qurub, əlbir iş gördükləri zaman sən onların yanında deyildin.

Sən nə qədər həris olsanda, insanların əksəriyyəti iman gətirən deyildir.

Sən ki bunun (İslama dəvətin) əvəzində onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.

Göylərdə və yerdə (Allahın tək ilah olduğunu sübut edən) neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.

Məgər onlar (müşriklər) Allahın (hər şeyi) bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən (Qiyamət) saatının onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?!

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, bəsirət (elm və yəqinlik) üzərində, insanları Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.

(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən (peyğəmbər) göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib-dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Şübhəsiz ki, Axirət yurdu (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün daha xeyirlidir. Məgər anlamırsınız?!

Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərnin yalançı sayıldıqlarını yəqin etdikdə, köməyimiz onlara yetişdi və dilədiyimiz kimsələr də (peyğəmbərlər və onlara iman gətirənlər) nicat tapdı. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz.

Onların hekayələrində ağıl sahibləri üçün ibrətlər vardır. (Bu Quran) uydurma bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət və mərhəmətdir.