The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesAbraham [Ibrahim] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah Abraham [Ibrahim] Ayah 52 Location Maccah Number 14
Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.
O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Düçar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!
O kəslər ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan azdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.
Biz hər bir peyğəmbəri ancaq öz qövmünün dilində (danışan) göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini (haqq yoldan) azdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Hikmət sahibidir.
Biz Musanı ayətlərimizlə göndərib (ona): “Qövmünü zülmətdən nura çıxart və onlara Allahın günlərini xatırlat”– dedik. Sözsüz ki, bunda, çox səbir və şükür edənlər üçün dəlillər vardır.
Bir zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir imtahan var idi”.
Rəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı küfr etsəniz, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir”.
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, habelə, onlardan sonra gəlib-getmiş kimsələrin xəbərləri sizə gəlib çatmadımı? Onlar haqqında Allahdan başqa heç kəs bilmir. Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə (peyğəmbərlərin onlara gətirdiklərinə qəzəblənərək) əllərini ağızlarının üstünə qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (din) barəsində şübhə doğuran şəkk içindəyik!”– demişdilər.
Peyğəmbərləri (onlara) dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (sizə ölüm gələnədək) möhlət vermək üçün sizi (imana) çağırır”. Onlar dedilər: “Siz də bizim kimi bir bəşərsiniz. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.
Peyğəmbərləri (onlara) dedilər: “Biz də sizin kimi bir bəşərik. Lakin Allah Öz qullarından istədiyinə lütf edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.
Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək?! Sizin bizə verdiyiniz əziyyətlərə, əlbəttə ki, dözəcəyik. Qoy təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”.
Kafirlər peyğəmbərlərinə dedilər: “Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da mütləq bizim dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
Onlardan sonra da o yerdə sizi sakin edəcəyik. Bu, həm hüzurumda durmaqdan, həm də təhdidimdən qorxan kimsələr üçündür”.
Peyğəmbərlər (Allahdan) yardım istədilər. Hər bir inadkar dikbaş isə ziyana uğradı.
Qarşıda isə onu gözləyən Cəhənnəm vardır. (Orada) ona irinli su içirdiləcəkdir.
O, bu irinli suyu qurtum-qurtum içəcək, amma onu zorla udacaqdır. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da şiddətli bir əzab gələcəkdir!
Rəbbinə küfür edənlərin (dünyadakı yaxşı) əməllərinin məsəli, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur.
(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər.
Bu, Allah üçün çətin deyildir.
(Qiyamət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) zarısaq da, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.
İş bitdikdə (Cənnət əhli Cənnətə, cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda) şeytan (günahkarlara) deyəcək: “Həqiqətən, Allah sizə (Cəhənnəmə düşəcəyiniz barədə) gerçək vəd vermişdi. Mən də sizə, (kömək edəcəyimə dair) vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (günah işlərə) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Şübhəsiz ki, mən dünyada da sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.
İman gətirib saleh əməllər edənlər isə (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil ediləcək və Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada qarşılaşarkən (bir-birinə) deyəcəkləri söz: “Salam!” olacaqdır.
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.
O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman (ilin qış və yay fəsilndən aslı olmayaraq) verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.
Pis söz (küfür sözü) isə yerdən qoparılmış, kökü olmayan pis bir ağaca bənzəyir.
Allah iman gətirənləri həm dünya həyatında, həm də axirətdə möhkəm sözlə (şəhadət kəlməsi ilə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) azdırar. Allah istədiyini edər.
Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz qövmünü həlak yurduna sürükləyənləri görmürsənmi?
Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis qərar tutulacaq yerdir.
Onlar (insanları) Allah yolundan azdırmaq üçün (bütləri) Ona tay tutdular. De: “(Hələ ki) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”.
İman gətirən qullarıma de ki, (doğru-düzgün) namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən öncə onlara verdiyimiz ruzidən (Allah yolunda) gizli və aşkar xərcləsinlər.
Göyləri və yeri yaradan, göydən su endirib onunla sizin üçün (növbənöv) meyvələrdən ruzi yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verən və çayları sizə ram edən Allahdır.
Daim seyr edən günəşi və ayı sizə tabe edən, gecəni və gündüzü sizə ram edən də Odur.
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!
Ey Rəbbim! Həqiqətən də, o bütlər insanlardan bir çoxunu azdırdılar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə,) Sən bağışlayansan, rəhmlisən.
Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, heç bir bitki olmayan bir vadidə yerləşdirdim. Ey Rəbbimiz! Onlar (doğru-düzgün) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) meyvələrindən ruzi ver ki, bəlkə şükür etsinlər.
Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.
Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları da, (doğru-düzgün) namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!
Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”
Zalımların etdikləri əməllərdən Allahı əsla xəbərsiz sanma. Allah onların cəzasını gözlərin bərələ qalacağı günə saxlamışdır.
(O gün) onlar başlarını yuxarı qaldıraraq (carçıya doğru) tələsəcək, gözlərini qırpa bilməyəcək və qəlbləri də bomboş olacaq (qorxudan bütün başqa duyğulardan xali olacaq).
İnsanları, onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və peyğəmbərlərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?!
Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə agah oldu və (anlayasınız deyə) sizə (ibrətamiz) misallar da çəkdik”.
(Zalımlar) öz hiylələrini qurdular. Halbuki onların hiyləsi Allaha bəllidir. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.
Allahın əsla Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah qüdrətlidir, intiqam almağa qadirdir.
O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.
O gün günahkarları zəncirlənmiş görəcəksən.
Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcək.
Allah hər kəsə (dünyada) etdiyi əməllərin əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.
Bu (Quran) insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.