The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesTaha [Taha] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah Taha [Taha] Ayah 135 Location Maccah Number 20
Ta. Ha.
Biz bu Quranı sənə bədbəxt olasan deyə nazil etmədik.
(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət olaraq (göndərdik).
O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur.
Rəhman Ərşin üzərində ucaldı.
Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, (hamısı) Ona məxsusdur.
Sən ucadan danışsan da, (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.
Allah! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur!
Musanın əhvalatı sənə gəlib çatdımı?
O zaman o, bir od görüb ailəsinə: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”– demişdi.
(Musa) oda yaxınlaşdıqda (Allah) ona belə nida etdi: “Ey Musa!
Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!
Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə!
Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!
Qiyamət saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən belə) gizlədirəm.
Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!
Sağ əlindəki nədir, ey Musa?”
(Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”.
(Allah) buyurdu: “At onu (yerə), ey Musa!”
(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.
Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.
Əlini qoynuna sal ki, (əlin oradan) başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.
(Belə etdik) ki, sənə ən böyük ayələrimizdən (bir neçəsini) göstərək.
Fironun yanına get! Çünki o, həddini aşmışdır”.
(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!
İşimi yüngülləşdir!
Dilimdəki düyünü aç ki,
sözümü anlasınlar!
Mənə öz ailəmdən bir köməkçi ver –
Qardaşım Harunu!
Onun sayəsində mənim gücümü artır!
Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,
Sənə çoxlu təriflər deyək
və Səni çox zikr edək.
Şübhəsiz ki, Sən bizi görürsən!”
(Allah) buyurdu: “İstədiyin sənə verildi, ey Musa!
Sənə bir dəfə də mərhəmət göstərmişdik.
O vaxt ki, anana ilham yolu ilə belə buyurduq:
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi (Firon) onu götürsün”. Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.
O zaman bacın gedib (Firon ailəsinə belə) deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da əzəldən yazılmış qədərə görə gəlib (bu yerə) çatdın, ey Musa!
Mən səni Özümə (peyğəmbər) seçdim!
Sən və qardaşın ayətlərimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.
Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.
Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”
Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.
(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!
Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!
Bizə, əzabın (haqqı) yalan sayan və üz döndərənlərə veriləcəyi vəhy olunur!”
(Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?”
(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”
(Firon) dedi: “Bəs keçmiş nəsillərin halı necə olacaq?”
(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim nə xəta edir, nə də unudur!”
O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.
(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda ağıl sahibləri üçün dəlillər vardır.
Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.
Biz dəlillərimizin hamısını (Firona) göstərdik. O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi.
(Firon) dedi: “Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəldin, ey Musa?
Biz də mütləq sənə buna bənzər bir sehr göstərəcəyik. Bizimlə öz aranda vaxt təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. (Bu hamımıza) münasib bir yerdə olsun”.
(Musa) dedi: “Görüş vaxtınız bayram günü, camaatın (bir yerə) toplaşacağı səhər vaxtıdır!”
Firon arxasını çevirib getdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi.
Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.
(Sehrbazlar) öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər.
Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər.
Odur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”.
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”
(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.
Musa bunu görüncə içində bir qorxu hiss etdi.
Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!
Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”
(Firon) dedi: “Mən sizə izin verməzdən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!”
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!
Həqiqətən biz, günahlarımızı və sənin bizə məcbur etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı daha xeyirli, cəzası isə daha davamlıdır!”
Kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.
Kim (Onun hüzuruna) saleh əməllər etmiş bir mömin olaraq gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –
(ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalarlar. Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”– (deyə) vəhy etdik.
Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.
Firon öz qövmünü azğınlığa sürüklədi və (onlara) doğru yol göstərmədi.
Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfini vəd verdik. Sizə (göydən) manna və bildirçin endirdik.
Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.
Mən, həqiqətən də, tövbə edib, iman gətirib saleh əməllər edən, sonra da doğru yolu tutanları bağışlayıram.
(Allah buyurdu:) “Səni qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?”
(Musa) dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”
(Allah) buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”.
Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün (Misir xalqının) zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.
(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar:) “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o (bunu) unutmuşdur”– dedilər.
Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!
Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!”
Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər.
(Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?
(Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum.
(Musa) dedi: “Səni bu işə vadar edən nə idi, ey Samiri?”
O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.
(Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.
Sizin məbudunuz yalnız Özündən başqa heç bir (haqq) məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə etmişdir”.
Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr (Quran) vermişik.
Kim ondan üz döndərsə Qiyamət günü ağır bir günah yükü daşıyacaqdır.
Onlar o günahın azabı içində əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır!
O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq.
Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!”
Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!”– deyəcək.
(Ey Muhamməd!) Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,
oranı boş düzəngaha çevirəcəkdir.
Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcəksən”.
O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.
O gün Rəhmanın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu (Allahın zatını və sifətlərini) ehtiva edə bilməz!
(O gün) üzlər (əbədi) Yaşayan, yaratdıqlarının Qəyyumu (olan Allah) qarşısında zəlil görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.
Mömin olub saleh işlər görənlər isə nə haqsızlığa məruz qalmaqdan, nə də (savabının) əksilməsindən qorxarlar.
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar.
Haqq Hökmdar olan Allah ucadır! Onun sənə nazil etdiyi vəhy tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.
Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.
Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməkdən) imtina etdi.
Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.
Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.
Sən orada nə susayacaq, nə də günəşin istisindən əziyyət çəkəcəksən!”
Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”
İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi.
Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən (bələdçimin) ardınca getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar.
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kor olaraq həşir edərik”.
O: “Ey Rəbbim! Məni nə üçün kor olaraq həşr etdin, axı mən (dünyada) görürdüm?”– deyəcəkdir.
(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”
Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha davamlıdır.
Yurdlarında gəzib dolaşdıqları, özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.
Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, (əzab onları) dərhal yaxalayardı.
Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.
(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi olaraq verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha davamlıdır.
Ailənə namaz qılmağı əmr et, özün də onu (namazı) səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir.
(Kafirlər: “Muhamməd) bizə Rəbbindən bir ayə gətirməli deyildimi?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?
Əgər Biz onları bundan əvvəl (Muhamməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”
De: “Hamı gözləyir, siz də gözləyin. (Tezliklə) siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”