عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Spider [Al-Ankaboot] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Spider [Al-Ankaboot] Ayah 69 Location Maccah Number 29

Əlif. Ləm. Mim.

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?

Yoxsa pis əməllər edənlər canlarını Bizdən qurtara biləcəklərinimi zənn edirlər? Onların verdikləri hökm necə də pisdir.

Kim Allahla qarşılaşmağa ümid edirsə, (bilsin ki,) Allahın təyin etdiyi o vaxt mütləq gələcək. O, Eşidəndir, Biləndir.

Kim də (Allah yolunda və ya nəfsi ilə) cihad edərsə, o ancaq özü üçün cihad etmiş olar (faydası özünə qayıdar). Allah aləmlərə (məxluqata) möhtac deyildir.

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.

İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənləri də var. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah hər kəsin qəlbindəkiləri ən yaxşı bilən deyilmi?

Kafirlər möminlərə: “Bizim yolumuzla gedin ki, günahlarınızı öz üzərimizə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahını öz üzərinə götürən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.

Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükü də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.

İbrahimi də (xatırla)! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Bu sizin üçün daha xeyirlidir, kaş ki bilsəydiniz”.

Əgər (onu) yalançı hesab etsəniz, (bilin ki,) sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi yalnız (dini) açıq-aşkar təbliğ etməkdir.

Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır.

Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaqdır”.

Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimə (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.”

Lutu da (xatırla)! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudanmı siz özünüzdən öncə heç kimsənin etmədiyi iyrənc bir iş edirsiniz?

Doğrudanmı, siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq məqsədi ilə) yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.

(Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et!”

(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.

Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.

Həqiqətən, Biz düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir əlamət saxladıq.

Onlar isə onu yalançı saydılar. Buna görə də onları (qorxunc səsli bir) titrəyiş bürüdü və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

Ad və Səmud (qövmünü də məhv etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar bəsirət sahibi idilər.

Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və (sonda əzabımızdan) qaça bilmədilər.

Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə yalnız (həqiqəti) dərk edən kimsələr anlayarlar.

Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.

O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcək və (Allah onlara): “Etdiyiniz əməllərin cəzasını dadın!”– deyəcəkdir.

İman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar orada əbədi olaraq qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!

Onlar, səbir edən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir.

Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!

Əgər onlardan: “Göydən su endirib onunla yeri öldükdən sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların əksəriyyəti (bunu) başa düşmür.

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.

(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və (hələlik) əylənsinlər. Tezliklə biləcəklər.

Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?