عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Coalition [Al-Ahzab] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Coalition [Al-Ahzab] Ayah 73 Location Maccah Number 33

Allah bir insanın sinəsinəndə iki ürək yaratmamışdır. Allah zihar (analarınıza bənzədərək özünüzə haram) etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (yalan) sözlərdir. Allah isə haqqı söyləyir və doğru yola yönəldir.

(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız da, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.

(Allah bunu) doğru danışanlardan doğruluqları barədə soruşmaq üçün etdi. O, kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışdır.

O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən (vadinin üst və alt tərəfindən) üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız.

Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.

Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və (bu işdə) azacıq da olsa ləngiməzdilər.

De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmağın sizə (əsla) faydası olmaz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az (bir müddət ərzində) gün-güzəran görəcəksiniz”.

De: “Əgər Allah sizə bir pislik istəsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq istəsə, Ona kim mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.

(Münafiqlər) müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Əgər aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.

Möminlər müttəfiqləri (düşmən dəstələrini) gördükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.

Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.

Bu, Allahın doğru danışanları doğruluqlarına görə mükafatlandırması, münafiqlərə də ya istəsə əzab verməsi, ya da onların tövbələrini qəbul etməsi üçündür. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

(Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.

Əgər siz Allahı, Onun Rəsulunu və Axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.

Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Danışarkən (şək-şübhədən uzaq, Şəriətə müvafiq qaydada) gözəl danışın.

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, övrətlərini qoruyan kişilər və övrətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

Bir zaman Allahın (İslama yönəldərək) nemət verdiyi və sənin də (köləlikdən azad edərək) nemət verdiyin (Zeydə): “Zövcəni öz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi (Zeyd zövcəsini boşayacağı təqdirdə onla evlənəcəyini) ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcək.

Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə (Zeydin zövcəsi ilə evlənməkdə) ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.

Səhər-axşam Onun şəninə təriflər deyin!

(Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlar üçün gözəl mükafat hazırlamışdır.

Ey Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik.

(Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq olaraq (göndərdik).

Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan (yaxınlıq etməzdən) əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (onları yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara (boşanma) bədəllərini verin və (onları) gözəl tərzdə sərbəst buraxın.

Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə, Peyğəmbərin evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə (mehrsiz) bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncusu) digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik ki,) sənə bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir.

Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah (hər şeyi) biləndir, həlimdir.

Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbərə əziyyət verir və o sizdən utanır. Allah isə haqqı söyləməkdən utanmaz. (Peyğəmbərin) zövcələrindən bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin qəlbiniz, həm də onların qəlbləri üçün daha təmizdir. Sizə Allahın Elçisinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla icazəli deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.

Mömin kişilərə və mömin qadınlara etmədikləri bir işdən ötrü əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.

Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında bütün bədənlərini örtən) örtükləri ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.

Əgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə yalan şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara musallat edərik. Sonra onlar orada sənin çevrəndə qısa bir müddət qala bilərlər.

Lənətlənmiş kimsələr olaraq, harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər.

Allahın (onlardan) əvvəl olub-keçənlər (keçmiş ümmətlərin münafiqlər) barəsində sünnəsi belədir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən.

İnsanlar səndən Qiyamət saatı (Qiyamət günü) barədə soruşurlar. De: “Onun elmi yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, Qiyamət saatı yaxındır.

Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb-yaxan Od hazırlamışdır.

Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər.

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.

Ey iman gətirənlər! Musaya əziyyət verən kimsələr kimi olmayın. Allah onu onların dediklərindən (ona etdikləri eyibdən) təmizə çıxartdı. O, Allahın yanında ehtiram edilən bir kimsə idi.

(Bu əmanət insana ona görə verildi ki,) Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.