عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Saba [Saba] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Saba [Saba] Ayah 54 Location Maccah Number 34

Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.

Kafirlər: “Qiyamət saatı bizə gəlməyəcək!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lovhi-məhfuzda) olmasın”.

(Bunlar ona görədir ki,) Allah iman gətirib saleh əməllər edənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır.

Özlərinə elm verilənlər (Kitab əhlindən iman gətirənlər) Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini bilirlər.

Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq): “Ey dağlar və quşlar! Onunla birlikdə (Allahın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.

(Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi,) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.

Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qarşısında işləyirdi. Onlardan hər kim, (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona Cəhənnəm odunun əzabından daddırırdıq.

(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud ailəsi! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edən azdır.

Səba (qəbiləsinin) yaşadığı yerdə (Allahın qüdrətinə dəlalət edən) ayə (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Budur) gözəl diyar və Bağışlayan Rəbb!”– (deyilmişdi).

Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?!

(Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər (Şam) arasında aydın görünən (bir-birinə) yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– (demişdik).

Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və özlərinə zülm etdilər. Biz onları (ibrət alınası) əfsanələrə çevirdik, özlərini də darmadağın etdik. Həqiqətən, bunda çox səbir və şükür edən hər bir kəs üçün ibrətlər vardır.

Halbuki (İblis) bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (İblisə) belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi hifz edəndir.

De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.

Allah yanında, Onun izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı (buyurdu)! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.

De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz yaxud siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”.

De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik.”

De: “Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra aramızda ədalətlə hökm verəcək. O, ən ədalətli Hakimdir, Biləndir”.

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər.

De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yubadar, nə də tezləşdirə bilərsiniz”.

Özlərini yüksək tutanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq?! Xeyr, siz özünüz günahkar idiniz”.

Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan kimsələri: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.

Onlar: “Biz mal-dövlət və övlad baxımından daha çoxuq və bizə əzab verilməyəcəkdir”– dedilər.

Nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Bizə yaxınlaşdırmaz. Ancaq iman gətirib saleh əməl edənlər mütəsnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində əmin-amanlıq içində yaşayacaqlar.

(Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.

Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik.

Onlardan əvvəlkilər də (elçilərimizi) yalançı hesab etmişdilər. Müşriklər onlara verdiklərimizin onda birini belə əldə etməmişlər. Lakin onlar Mənim elçilərimi yalançı saydılar. (Görəydin,) Mənim (onları) həlak etməyim necə oldu!

De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin dostunuzda heç bir dəlilik (əlaməti) yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”.

De: “Haqq gəldi. Batil (ona qarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) geri qaytara bilər”.

De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, eşidəndir, yaxındır”.

Kaş, sən onları (o kafirləri) qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və yaxın bir yerdə ələ keçiriləcəklər.

Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Axı uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?!

Halbuki bundan əvvəl onu (Quranı və ya Muhammədi) inkar edir və uzaq bir yerdən qeyb haqqında fikir yürüdürdülər (öldükdən sonra dirilməyəcəyik. Cənnət, Cəhənnəm yoxdur deyirdilər).

Onlarla arzuladıqları şey (dünyaya qayıdıb iman və tövbə etmək) arasına sədd çəkilər. Daha əvvəl özlərinə bənzər kəslərə (keçmiş ümmətlərin kafirlərinə) də belə edilmişdir. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər.