The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesSad [Sad] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah Sad [Sad] Ayah 88 Location Maccah Number 38
Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
Kafirlər təkəbbür və ixtilaf içindədirlər.
Biz onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq (əzabdan) qurtulma vaxtı keçmişdi.
Onlar özlərindən onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!
O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir”.
Onların zadəganları çıxıb gedərək (belə) dedilər: “Gedin öz ilahlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.
Biz bunu axırıncı dində (nəsranilikdə) də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyildir.
Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?!” Xeyr, onlar Mənim Zikrimə şəkk edirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
Yoxsa sənin Qüdrətli və Bəxş edən Rəbbinin rəhmət xəzinələri onlardadır?!
Yaxud göylərin, yerin və onların arasında olanların mülkü onlara məxsudur?! Elə isə qoy yollarla (göyə) qalxsınlar.
Onlar orada (Bədr döyüşündə) müxtəlif dəstələrdən ibarət məğlub ediləcək bir ordudurlar.
Onlardan əvvəl Nuh qövmü, Ad (tayfası) və dirəklər (qüvvət və səltənət) sahibi Firon da (elçiləri) yalançı saymışdılar.
Həmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeyb qövmü) də. Bunlar (peyğəmbərlərə qarşı düşmənçilik edən) dəstələr idi.
Hər biri elçiləri yalançı hesab etdi və cəzam da (onlara) haqq oldu.
Onlar qarşısıalınmaz təkcə bir tükürpədici səsi gözləyirlər.
Onlar (istehza edərək): “Ey Rəbbimiz! Bizim (əzabdan olan) payımızı Haqq-hesab günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.
Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutan bir kimsə idi.
Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər.
Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima Allaha üz tutardı.
Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün hökm vermək (və ya gözəl danışıq) qabiliyyəti bəxş etdik.
(Ey Peyğəmbər! Davudun yanında) mübahisə edənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girmişdilər.
Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki mübahisəçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
(Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı zülm etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinə qarşı haqsızlıq edər. Yalnız iman gətirib saleh əməllər edənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi bildi, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
Biz bunu ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır.
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
Biz göyü, yeri və onların arasındakıları boş yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
Məgər Biz iman gətirib saleh əməllər edənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı?! Yaxud Allahdan qorxanları günahkarlara tay tutarıqmı?!
Bu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır.
Biz Davuda Süleymanı bəxş etdik. O necə gözəl qul idi! O, daim Allaha üz tutardı.
Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağını dırnağının üstündə tutan, qaçağan atlar göstərildi.
(Süleyman) dedi: “Mən, günəş batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum (atlar məni əsr namazından yayındırdı)”.
(Süleyman dedi:) “Onları yanıma qaytarın!”– dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı.
Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.
O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə, məndən sonra heç kimsəyə nəsib olmayan bir mülk nəsib et. Həqiqətən, Sən Bəxşedənsən.
Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə sakitcə gedirdi.
Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları
və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik)
(və ona belə buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”.
Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır.
Qulumuz Əyyubu da yada sal! Bir zaman o Rəbbinə nida edərək belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
(Biz ona dedik:) “Ayağını (yerə) vur! Budur yuyunacaq və içiləcək sərin su!”
Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini (qaytardıq), həm də onlarla yanaşı bir mislini bəxş etdik.
(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (zövcəni) vur. Andını pozma.” Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
(Ey Peyğəmbər!) Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!
Biz onları (axirət) yurdunu düşünən ixlaslı qullar etdik.
Həqiqətən, onlar Bizim yanımızda, seçilmiş ən yaxşı kimsələrdəndirlər.
(Ey Peyğəmbər!) İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı seçilmiş kimsələrdəndir.
Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –
qapıları onlar üçün açılmış Ədn cənnətləri.
Onlar orada (taxtlara) dirsəklənib müxtəlif növ meyvələr və içkilər istəyəcəklər.
Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları (zövcələr) olacaqdır.
Bu haqq-hesab günü üçün sizə vəd edilənlərdir.
Bu, Bizim ruzidir. O, tükənməzdir.
Bu belədir! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –
vasil olacaqları Cəhənnəm. Ora nə pis yataqdır!
Bu (əzab), qaynar su və irindir. Qoy onu dadsınlar!
(Kafirlər üçün əzabın) buna bənzər başqa növləri də vardır.
(Kafirlərin başçılarına deyiləcək:) “Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.
(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat et!”
(Günahkarlar) deyəcəklər: “Bizə nə olub ki, (dünyada ikən) pis adamlar saydığımız kişiləri burada görmürük?
Biz onları (haqsızcasına) məsxərəyə qoyurduq? Yoxsa, onlar gözə dəymirlər?”
Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə mübahisə etməsi bir həqiqətdir.
De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur”.
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.
(Ey Peyğəmbər!) De: “O (Quran), böyük xəbərdir.
Siz isə ondan üz döndərirsiniz.
Ali toplum (Mələklər Adəmin yaradılması barəsində) mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi.
Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğum üçün vəhy olunur”.
Bir zaman Rəbbin mələklərə belə dedi: “Mən palçıqdan bir bəşər yaradacağam.
Mən ona surət verib, ruhumdan üfürdüyüm zaman ona (hörmət əlaməti olaraq) səcdə edin!”
Mələklərin hamısı birlikdə səcdə etdi.
Yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.
(Allah) buyurdu: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutanlardan oldun?”
(İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Məni oddan, onu isə palçıqdan yaratdın!”
(Allah) buyurdu: “Oradan (Cənnətdən) çıx! Sən artıq (rəhmətimdən) qovuldun!
Din (Qiyamət) gününə qədər lənətim sənin üzərində olacaqdır!”
(İblis) dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən –
vaxtı məlum olan günə (sura birinci dəfə üfürülənə) qədər!”
(İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını azdıracağam;
Yalnız Sənin ixlaslı qullarından başqa!”
(Allah) buyurdu: “Bu haqqdır! Mən haqqı deyirəm!
Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”
(Ey Peyğəmbər!) De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uyduranlardan da deyiləm.
Bu (Quran) aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
Siz onun verdiyi xəbəri bir müddətdən (öldükdən yaxud qiyamət qopduqdan) sonra mütləq biləcəksiniz!”