عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Troops [Az-Zumar] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Troops [Az-Zumar] Ayah 75 Location Maccah Number 39

Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.

Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz.

Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır.

Allah sizi tək bir nəfərdən yaratdı. Sonra ondan zövcəsini yaratdı. O sizin üçün (erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi kimi) səkkiz cüt heyvan yaratdı. O sizi analarınızın bətnində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən həzər edən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi)?! De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! (Bundan) yalnız ağıl sahibləri ibrət alar”.

(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yeri genişdir. Yalnız səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.

De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.

Haqqında əzab sözü gerçəkləşmiş və Cəhənnəmdə olacaq kimsəni sənmi xilas edəcəksən?!

Məgər Allahın göydən su endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra (Allah) onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da (Allah) onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.

Məgər Allahın, sinəsini (qəlbini) İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (qəlbi daşlaşmış kimsə ilə eyni ola bilərmi)?! Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar açıq-aydın azğınlıq içindədirlər.

Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Kitab olaraq nazil etdi. Rəbbindən qorxanların Ondan (Quranın təhdidlərindən) dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın azdırdığı kimsəyə isə (doğru) yol göstərən olmaz.

Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kimsə (yaxud Cəhənnəm oduna üzüqoylu atılan kimsə möminlə eyni ola bilərmi)? Zalımlara: “Dadın, etdiyiniz əməllərin cəzasını!”– deyilər.

Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saydılar və buna görə əzab onlara gözləmədikləri yerdən gəldi.

(Biz onlara) heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə (Allahdan) qorxsunlar.

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi?! Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.

(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!

Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, yaxşı işlər görənlərin mükafatıdır.

Məgər Allah Öz quluna kifayət deyilmi?! (Müşriklər) isə səni (Allahdan) başqaları ilə qorxudurlar. Allahın azdırdığı kimsəyə doğru yol göstərən tapılmaz.

Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran tapılmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi?!

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa dua etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud (Allah) mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”

(Ey Peyğəmbər!) De: “Ey qövmüm! Əlinizdən gələni (istədiyinizi) edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,

Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi etdilər?! De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, onda necə?!”

(Ey Peyğəmbər!) De: “Şəfaət bütünlüklə Allaha aiddir. Göylərin və yerin mülkü da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.

(Ey Peyğəmbər!) De: “Ey göyləri və yeri yaradan, qeybi və aşkarı bilən Allahım! Qullarının arasında ixtilafda olduqları (məsələlər) barəsində hökmü yalnız Sən verəcəksən!”

Yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də zalımların olmuş olsaydı, onlar onun hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Allahdan onlara güman etmədikləri (bir əzab) üz verəcəkdir.

Onların qazandıqları pis əməllər özlərinə göstəriləcək və istehza etdikləri (əzab) onları bürüyəcək.

İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra Biz ona Özümüzdən bir nemət bəxş etdikdə: “Bu mənə yalnız (özümdə olan) elmə görə verilmişdir!”– deyər. Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu (bunu) bilməz.

Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları (dünya malı və oğul-uşaq) onlara heç bir fayda vermədi.

Onlar etdikləri pis əməllərin cəzasını aldılar. Bunlardan zalım olanlar da qazandıqları günahların cəzasını alacaqlar. Onlar qaçıb (canlarını) qurtara bilməyəcəklər.

Məgər onlar bilmirlər ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyininkini də) azaldır?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.

(Ey Peyğəmbər! Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”

(Sonra) kimsə deməsin: “Allaha qarşı etdiyim nöqsanlara görə vay mənim halıma! Həqiqətən, mən (iman və itaət əhlinə) istehza edənlərdən idim!”

Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!”

Yaxud da, əzabı gördüyü zaman deməsin: “Kaş, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!”

Xeyr, Mənim ayələrim sənə gəldi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.

(Ey Peyğəmbər!) De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!”

Xeyir, sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”

Onlar Allahı layiqincə dəyərləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (müşriklərin Ona) şərik qoşduqlarından ucadır.

Yer Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara zülm olunmayacaq.

Hər kəsə əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.

Kafirlər dəstə-dəstə Cəhənnəmə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Bəli, (gəlmişdi), lakin əzab (Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!) sözü kafirlər barəsində gerçəkləşdi”– deyəcəklər.

(Onlara) deyiləcək: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Təkəbbürlülərin yeri necə də pisdir!

Rəbbindən qorxanlar isə dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”

Onlar: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətdə istədiyimiz yerdə sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!”– deyəcəklər.

Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!”– deyiləcəkdir.