عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Forgiver [Ghafir] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Forgiver [Ghafir] Ayah 85 Location Maccah Number 40

Hə. Mim.

Kitabın nazil edilməsi Qüdrət sahibi olan, (hər şeyi) Bilən Allah tərəfindəndir.

Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan (Allahdandır)! Ondan başqa (ibadətə layiq) ilah yoxdur. Dönüş də Onadır.

Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçisini yaxalamağa (öldürməyə) cəhd göstərdi. Onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə etdilər. Odur ki, Mən onları (əzabla) yaxaladım. (Görəydin) Mənim cəzam necə oldu!

Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən.

Kafirlərə belə xitab olunacaqdır: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyinizə görə, Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyükdür”.

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Cəhənnəmdən) çıxmağa bir yol varmı?”

(Onlara deyiləcək:) “Bu ona görədir ki, Tək Allah çağırıldığı zaman siz küfr edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. (Artıq) hökm Uca və Böyük Allahındır”.

(Ey möminlər!) Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!

Yüksək dərəcələrin (yaxud dərəcələri yüksəldən) və Ərşin sahibi Odur. O, əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, (o, insanları) görüş günü ilə qorxutsun.

O gün onlar (qəbirlərindən) çıxacaqlar. Onların heç bir şeyi Allaha gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün mülk kimə məxsusdur? Vahid, (hər şeyə) qalib gələn Allaha məxsusdur!”

Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları yaxın günlə (Qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.

Allah gözlərin xaincəsinə baxışını və sinələrin (qəlblərin nələr) gizlətdiyini biləndir.

Allah ədalətlə hökm verər. (Onların) Ondan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!

Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Odur ki, Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, qüvvətlidir, cəzası da şiddətlidir.

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbini çağırsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.

Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”

Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi?! Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişdir. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.

Ey qövmüm! Bu gün mülk sizə məxsusdur. Yer üzündə qalib gələnlər də sizsiniz. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?!” Firon dedi: “Mən sizə ancaq öz rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.

Mömin kişi dedi: “Ey qövmüm! Mən (peyğəmbərləri təkzib edən) o toplumların başına gələn (dəhşətli) günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.

Nuh, Ad və Səmud qövmünün və onlardan sonrakıların düçar olduğu bəlanın bənzərinin (gəlməsindən qorxuram). Allah Öz bəndələrinə zülm etmək istəməz.

O kəslər ki, özlərinə bir dəlil gəlmədiyi halda, Allahın ayələri barəsində mücadilə edirlər. Bu, həm Allah yanında, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər bir təkəbbürlünün və zalımın qəlbini belə möhürləyər.

Siz məni Allaha küfür etməyə və bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi qüdrətli, çox bağışlayan Allaha çağırıram.

Heç şübhəsiz ki, sizin məni (iman etməyə) çağırdıqlarınızın (bütlərin) nə dünyada, nə də axirətdə çağırılmağa (iman edilməyə) haqqı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar isə Cəhənnəm əhlidirlər.

Allah onu (Firon ailəsindən olub imanını gizlədən mömin kişini) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.

Onlar Cəhənnəmdə bir-birilə höcətləşəcək, zəiflər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizin ardınızca gedirdik. İndi siz Cəhənnəm odunun bir hissəsini bizdən uzaq edə bilərsinizmi?!”

Təkəbbür göstərənlər deyəcəklər: “Hamımız odun içindəyik. Allah artıq qulları arasında hökmünü vermişdir”.

(Gözətçilər) deyəcəklər: “Məgər elçiləriniz sizə açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyə cavab verəcəklər. (Gözətçilər də:) “Elə isə özünüz dua edin!”– deyəcəklər. Kafirlərin duası isə əbəsdir.

Şübhəsiz ki, Biz elçilərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət vermək üçün ayağa qalxacağı gündə (Qiyamət günündə) yardım edəcəyik.

O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları üçün həm lənət, həm də pis yurd (Cəhənnəm) vardır.

Biz Musaya doğru yol (Tövrat və peyğəmbərlik) bəxş etdik və İsrail oğullarını Kitaba (Tövrata) varis etdik –

ağıl sahiblərinə doğru yol göstəricisi və öyüd-nəsihət olaraq.

Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd-səna ilə təriflə.

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin sinələrində (qəlblərində) bir təkəbbürlük vardır. Onlar heç vaxt buna çatmayacaqlar. (Ey Peyğəmbər!) Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir.

Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların əksəriyyəti (bunu) bilməz.

Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.

Bu sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allahdır! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur! Siz necə də haqdan döndərilirsiniz!

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəlləşdirən, sizə pak nemətlərdən ruzi verən Allahdır. Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah (ən Əzəmətli), xeyri və bərəkəti bol Olandır!

O, (əbədi) Yaşayandır, Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dini yalnız Ona məxsus edərək (Allaha ixlasla) dua edin. Həmd, Aləmlərin Rəbbi olan Allaha məxsusdur!

De: “Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur”.

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. İçərinizdə (qocalmamışdan) əvvəl ölənlər də vardır. (Bütün bunlar) müəyyən olunmuş vaxta (ömrünüzün sonuna) yetişməniz və bəlkə, düşünüb anlamanız üçündür.

(Ey Peyğəmbər!) Allahın ayələri (Quran) barədə mücadilə edənləri görmürsənmi?! Onlar necə də (haqdan) döndərilirlər!

O zaman onlar boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər –

Sonra da onlara deyiləcək: “Haradadır şərik qoşduqlarınız –

(Ey Peyğəmbər!) Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da (göstərmədən öncə) səni vəfat etdirəcəyik. Onlar (sonda) Bizə qaytarılacaqlar.

Sizin üçün onlarda (başqa) mənfəətlər də vardır. Siz onları minərək qəlbinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.

O (Allah) sizə Öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Qazandıqları (dünya malı Allahın əzabı gəldikdə) onlara bir fayda vermədi.

Əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın qulları barəsində əzəldən olan sünnəsidir. Kafirlər orada (əzabı gördükdə) ziyana uğradılar.