The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesCrouching [Al-Jathiya] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah Crouching [Al-Jathiya] Ayah 37 Location Maccah Number 45
Hə. Mim.
Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda yəqinliklə iman gətirmiş bir qövm üçün dəlillər vardır.
Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşünən bir qövm üçün dəlillər vardır.
(Ey Peyğəmbər!) Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət olaraq oxuyuruq. Onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!
Hər bir yalançının və günahkarın vay halına!
O, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşitmirmiş kimi təkəbbürlük göstərərək (küfründə) israr edir. Onu ağrılı-acılı bir əzabla müjdələ.
O, ayələrimizdən bir şey bildiyi zaman ona istehza edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa dost tutduqları himayəçilər onlara heç bir fayda verəcəkdir. Onlar üçün böyük bir azab vardır.
Bu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənlər üçün ən şiddətli, ağrılı-acılı əzab vardır.
Gəmilərin Allahın əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada ruzi) axtarmanız üçün dənizi xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.
Göylərdə və yerdə olanların hamısını sizin xidmətinizə verən də Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər var.
(Ey Peyğəmbər!) İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir qövmün cəzasını versin deyə, Allahın (əzab verəcəyi) günlərini gözləməyənləri bağışlasınlar.
Kim saleh bir əməl etsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
Biz İsrail oğullarına Kitab (Tövrat), hökm və peyğəmbərlik verdik, onları pak nemətlərlə ruziləndirdik və onları aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.
Onlara dinə aid açıq-aşkar dəlillər verdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. (Ey Peyğəmbər!) Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcək.
(Ey Peyğəmbər!) Sonra səni də dində şəriət sahibi etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!
Çünki onlar səni (heç bir vəchlə) Allahdan qurtara bilməzlər. Zalımlar bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur.
Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, yəqinliklə inanan bir qövm üçün isə hidayət və rəhmətdir.
Yoxsa günah qazananlar, özlərini, həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib saleh əməllər edənlərlə eyni tutacağımızı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!
Allah, göyləri və yeri ədalətlə və hər kəsə qazandığının əvəzini versin deyə yaratmışdır. Onlara zülm edilməz.
Nəfsinin istəyini ilahiləşdirən, Allah (Öz əzəli) elmi ilə azdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız?
Onlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur. Ölürük və dirilirik. Bizi öldürən ancaq zamandır”. Onların Bu haqda heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar.
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir.
(Ey Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq”. Lakin insanların çoxu (bunu) bilməz.
Göylərin və yerin mülkü Allaha məxsusdur. Qiyamətin qopacağı gün, məhz o gün batil danışanlar xüsrana uğrayacaqlar.
(Ey Peyğəmbər!) Sən (o gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcəkdir:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcək!
Bu, sizə qarşı həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz etdiyiniz əməlləri (orada mələklərə) yazdırmışıq!”
İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar uğurdur.
Kafir olanlara gəldikdə isə (onlara deyiləcək:) “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbürlük göstərirdiniz və özünüz də günahkar bir qövm idiniz.
(Sizə:) “Allahın vədi haqdır, Qiyamət saatına heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz Qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna) əmin deyilik!”– deyirdiniz.
(Dünyada ikən) etdikləri pis əməllər özlərinə görsənəcək və istehza etdikləri (əzab) onları bürüyəcək
(Onlara) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Qərar tutacağınız yer Oddur. Sizə yardım edənlər də olmayacaqdır.
Çünki siz, Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatdı”. Bu gün onlar oradan (Oddan) çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaq.
Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Göylərdə və yerdə əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.