عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The wind-curved sandhills [Al-Ahqaf] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The wind-curved sandhills [Al-Ahqaf] Ayah 35 Location Maccah Number 46

Hə. Mim.

Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.

(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyimi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan (Qurandan) əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bütlər onların dualarından qafildirlər.

İnsanlar (Qiyamət günü) həşr olunduğu zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.

Yoxsa onlar: “O (Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. (Ey Peyğəmbər!) De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan qurtara bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi (Quranı təkzib etmənizi və ona sehir demənizi) daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.

(Ey Peyğəmbər!) De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən ancaq mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”

(Ey Peyğəmbər!) De: “Bir deyin görək, əgər (bu Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə (Tövrata) şahidlik edib iman gətirib, siz isə təkəbbürlük göstərmisinizsə (o halda zülm etmiş olmazsınızmı)?! Allah zalım qövmü doğru yola yönəltməz!”

Kafirlər möminlərə dedilər: “Əgər (Quran) xeyirli bir şey olsaydı, onlar bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar bununla (Quranla) doğru yola müvəffəq olmadıqda isə: “Bu, köhnə yalandır!”– deyəcəklər.

Ondan (Qurandan) əvvəl Musanın rəhbər və rəhmət olan Kitabı (Tövrat) vardı. Bu (Quran) isə zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə verən olaraq ərəb dilində nazil edilmiş, (əvvəlki ilahi kitabları) təsdiq edən bir Kitabdır.

Biz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın saleh əməlləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”

(Kimisi də) valideyninə: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımla hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.

Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlər haqqındakı söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır.

Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. (Bu, Allahın) onlara əməllərinin əvəzini verməsi üçündür. Onlara əsla zülm edilməz.

Kafirlər Cəhənnəmə ərz olunacaqları gün (onlara belə deyiləcəkdır:) “Siz dünya həyatınızda gözəl olan hər şeyinizi xərclədiniz və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbürlük göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”

(Ey Peyğəmbər!) Ad (qövmünün) qardaşını (Hudu) xatırla! Bir zaman o, özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə (yaşayan) qövmünü: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.

Onlar isə: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”– dedilər.

(Hud) dedi: “(Bu haqda) elm ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil bir qövm olduğunuzu görürəm”.

Nəhayət, onu (əzabı) vadilərinə doğru yönəldiyini gördükləri zaman: “Bu, bizə yağış yağdıracaq bir buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu, sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

O Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq.

Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə doğru yola qayıdalar deyə ayələri onlara (müxtəlif cür) izah etdik.

Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara kömək etmədi?! Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır.

Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar (onu dinləməyə) gəldikdə (bir-birinə:) “Susun, (qulaq asaq)!”– dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə qorxudanlar olaraq öz qövmlərinin yanına qayıtdılar.

Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Allahın nazil etdiyi kitabları) təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab eşitdik!

Ey qövmümüz! Allahın dəvətçisinə cavab verib, ona iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”

Kafirlər Cəhənnəmə ərz ediləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?!”– (deyiləcək). Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, həqiqətdir)!”– deyəcəklər. (Allah) buyuracaqdır: “Küfr etdiyinizə görə dadın əzabı!”

(Ey Peyğəmbər!) Elçilərdən əzm sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar özlərinə vəd olunanı görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını güman edəcəklər. (Bu,) bir təbliğdir. Məgər fasiq qövmdən başqası məhv edilərmi?!