عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The victory [Al-Fath] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The victory [Al-Fath] Ayah 29 Location Madanah Number 48

(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə (Hüdeybiyyə sülhü ilə) aydın bir zəfər bəxş etdik ki,

və Allah sənə şanlı bir zəfər ilə kömək etsin.

(Bütün bunlar,) Allahın, mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarından keçməsi üçündür. Bu, Allah yanında böyük uğurdur.

(Bu, həm də) Allah barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab verməsi üçündür. Onların pis niyyəti öz başlarına olsun! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.

(Ey Peyğəmbər!) Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir elçi olaraq göndərdik.

(Biz belə etdik ki, bəlkə) siz, Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz.

(Ey Peyğəmbər! Hüdeybiyyə səfərindən) geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.

Əksinə siz, Peyğəmbər və möminlərin bir daha ailələrinə qayıtmayacaqlarını zənn edirdiniz. Bu, (şeytan tərəfindən) qəlblərinizə gözəl göstərildi. Siz pis zənnə düşüb məhvə məhkum bir qövm oldunuz.

(Ey Möminlər!) Siz (Xeybərə) qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə sülhündən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.

(Ey Peyğəmbər!) Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir qövmə qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. (Yox,) əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.

Allah, (Hüdeybiyyədə ikən, Ridvan beyətində) ağac altında sənə beyət edən möminlərdən razı qaldı. (Allah) onların qəlblərində olanı bildi, onlara sükunət nazil etdi və onları yaxın bir zəfərlə (Xeybərin fəthi ilə) mükafatlandırdı.

(Onları Xeybər əhlindən) əldə edəcəkləri çoxlu qənimətlərə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir.

(Ey möminlər!) Allah sizə (gələcəkdə İslam fəthləri ilə) əldə edəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunu (Xeybərdə əldə etdiyiniz qənimətləri) sizə tezliklə verdi. Möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (Qureyşin) əllərini sizdən çəkdi.

(Ey möminlər!) Əgər kafirlər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar.

Allahın əzəldən qoyduğu sünnəsi belədir. Sən Allahın sünnəsində (heç vaxt) bir dəyişiklik tapa bilməzsən.

Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.

O kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən ayaq altına alıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi olmasaydı, (Allah ora zorla girməyinizə izin verərdi). Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi). Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.

Allah Öz rəsulunun haqq olaraq gördüyü yuxusunu (yuxuda Məkkəyə daxil olduğunu) gerçəyə çevirdi. İnşallah siz əmin-amanlıqla, başınızı qırxdırmış, (bəziləriniz də saçlarını) qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə daxil olmazdan əvvəl sizə) yaxın bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir.

Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.