عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Qaf [Qaf] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Qaf [Qaf] Ayah 45 Location Maccah Number 50

Xeyr, onlar özlərindən qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir.

Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!”

Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

Məgər onlar üstlərindəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

(Bütün bunları) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə etdik.

Tumurcuqları bir-birinin üstünə (salxım-salxım) düzülmüş hündür xurma ağacları (yetişdirdik).

Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla (göydən endirdiyimiz su ilə) ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.

(Ey Peyğəmbər!) Onlardan (Qureyşdən) əvvəl Nuh qövmü, Rəss və Səmud əhli (elçiləri) yalançı saydı.

Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim vədim (əzabım) gerçəkləşdi.

Məgər Biz ilk yaradılışda acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər.

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (mələk) vardır

Hər kəs onu (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (iki mələklə birgə) gələcəkdir.

(Ona belə deyiləcəkdir:) “Sən bundan qəflət içində idin. Biz səndən pərdəni qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

Onun yoldaşı (ona müvəkkəl olunmuş mələk) deyəcək: “Bu yanımda olan (əməl dəftəri) hazırdır!”

(Allah o iki mələyə belə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

xeyrə mane olanı, (zülm etməklə) həddi aşanı, (haqqa) şübhə edəni,

Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım, lakin o, özü dərin azğınlıq içində idi!”

(Allah) buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaq.

Budur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,

Rəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.

Orada onlar üçün istədikləri hər şey vardır. Hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.

Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçacaq bir yer varmı?!

Həqiqətən, bunda (dərk edən) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün öyüd-nəsihət var.

(Ey Peyğəmbər!) Onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd edərək şəninə təriflər de!

Gecənin bir vaxtında və namazlardan sonra Onun şəninə təriflər de!

(Ey Peyğəmbər!) Dinlə. O gün carçı (sura ikinci dəfə üfürən mələk, məxluqata) yaxın bir yerdən çağıracaqdır.

O gün (bütün məxluqat) bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.

O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Bu həşir (onları bir yerə toplamaq) Bizim üçün asandır.

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!