عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Mount Sinai [At-tur] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Mount Sinai [At-tur] Ayah 49 Location Maccah Number 52

And olsun Tur dağına!

And olsun yazılmış Kitaba (Qurana və ya Lövhi-Məhfuza yaxud Musaya verilən lövhələrə)

Yayılmış incə dəri üzərində (olan Kitaba).

And olsun (mələklərin ibadət etdiyi, yeddinci səma üzərində olan) Beytulməmura!

And olsun yüksək tavana (göy üzünə)!

And olsun (qiyamət günü) alovlanan (və ya su ilə dolu) dənizə!

(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır.

Heç kəs onun qarşısını ala bilməz.

Dağlar da (yerindən qopub) hərəkətə gələcəkdir.

O gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar.

(Onlara deyiləcəkdir:) “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!

Dadın (yalan saydığınız Cəhənnəmin) hərarətini! Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə yalnız etdiyiniz əməllərin cəzası veriləcəkdir”.

Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olacaqlar.

Rəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.

(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!”

Onlar səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirdik.

Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə lağlağaya, nə də günaha təhrik edəcəkdir.

Onların ətrafında (xidmətlərinə verilmiş), qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

Onlar bir-birinə üz tutub (dünyadakı əməlləri barəsində) soruşacaqlar.

Onlar deyəcəklər: “Biz bundan öncə ailəmiz içində olarkən (Allahdan) qorxurduq.

Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel (Cəhənnəm) əzabından qorudu.

Biz bundan öncə Ona (bizi Cəhənnəm əzabından qoruması üçün) dua edirdik. Həqiqətən, O, (qullarına) yaxşılıq edəndir, (onlara qarşı) Rəhmlidir!”

(Ey Peyğəmbər!) Sən xatırlat! Sən Rəbbinin neməti (bəxş etdiyi iman və ağıl) sayəsində nə kahinsən, nə də dəli!

Yoxsa onlar: “O bir şairdir. Biz onun ölüb getməsini gözləyirik!”– deyirlər.

(Ey Peyğəmbər!) De: “Gözləyin, mən də sizinlə birlikdə (sizə üz verəcək əzabı) gözləyənlərdənəm!”

Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.

Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.

Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?

Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Yoxsa onlar hökm sahibidirlər?

Yoxsa onların, (üstünə çıxıb mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanımı vardır? Elə isə qoy onların (mələkləri) dinləyənləri açıq-aydın bir dəlil gətirsinlər!

(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar?

Yoxsa qeyb (elmi) onların yanındadır və onlar da (qeyb elmindən insanlar üçün istədiklərini) yazırlar?

(Ey Peyğəmbər!) Yoxsa (sənə qarşı) bir hiylə qurmaq istəyirlər? Kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

Yoxsa onların Allahdan başqa bir ilahımı vardır? Allah onların qoşduqları şəriklərdən pak və ucadır.

Əgər onlar göydən bir parça (başlarına) düşdüyünü görsələr: “Üst üstə yığılmış buludlardır!”– deyərlər.

(Günahlar etməklə nəfslərinə) zülüm edənlər üçün bundan başqa (dünyada və qəbirdə) əzab vardır. Lakin onların çoxu (bunu) bilməz.

(Ey Peyğəmbər!) Sən Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan və ya məclisdən) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

Gecənin bir vaxtında və ulduzlar batanda Onun şəninə təriflər de!