عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Iron [Al-Hadid] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Iron [Al-Hadid] Ayah 29 Location Madanah Number 57

Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.

Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz?! Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən (atanız Adəmin belindən çıxararaq) əhd almışdır.

Sizə nə olub ki, (malınızdan) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Sizlərdən (mallarını Məkkənin) fəthindən əvvəl xərcləyib (kafirlərə qarşı) döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən daha üstündür. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah nə etdiklərinizdən xəbərdardır.

Kim Allaha gözəl bir borc verərsə, Allahda onun üçün (bunun əvəzini) qat-qat artırar. Onun üçün çox dəyərli bir mükafat (Cənnət) vardır.

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərində və sağ tərəflərində getdiyini görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcəkdir). Bu, böyük uğurdur.

(Münafiqlər) onlara səslənib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü (nifaqla və qəlbinizdə küfürü gizlətməklə) fitnəyə saldınız, (Muhammədə və möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri (ölüm) gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.

Möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən öncə Kitab verilmiş kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onların üzərindən (peyğəmbərləri ilə özləri arasından) uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Onların çoxu fasiq kimsələrdir.

Sədəqə verən kişilərə və sədəqə verən qadınlara və Allaha gözəl borc verənlərə, verdiklərinin qarşılığı qat-qat veriləcəkdir. Onlar üçün çox dəyərli bir mükafat (Cənnət) vardır.

Bilin ki, dünya həyatı oyun, əyləncə, bər-bəzək, aranızda öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kafirlər və münafiqlər üçün) axirətdə şiddətli əzab, (möminlər üçün isə) Allahdan bağışlanma və razılıq vardır. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (lövhi-məhfuzda) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

(Ey insanlar!) Bu, əlinizdən çıxana kədərlənməməyiniz və Allahın sizə verdiyinə fərəhlənməməyiniz üçündür. Allah heç bir özündən razını, (özü ilə) fəxr edəni sevməz.

Onlar həm özləri xəsislik edib, həm də insanlara xəsis olmağı əmr edən kimsələrdir. Kim (haqdan) üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.

Biz elçilərimizi aydın dəlillərlə göndərdik, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri bilsin. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir.

Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və Kitabı (Tövratı, İncili, Zəburu və Quranı) onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.

Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf (peyğəmbərlik, elm və təqva) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.