عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

She that disputes [Al-Mujadila] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah She that disputes [Al-Mujadila] Ayah 22 Location Madanah Number 58

(Ey Peyğəmbər!) Əri (Əvs bin Samit) barəsində səninlə mücadilə edən və Allaha şikayətlənən qadının (Xəvləh bint Səaləbənin) sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.

Sizlərdən öz qadınlarını zihar edənlərin (öz analarına bənzədənlərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları doğan qadınlardır. Onlar (qadınlarını zihar edənlər) münkər və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır.

Kim (azad etməyə bir kölə) tapmasa, (qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış miskin yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlardır. Kafirlər üçün ağrılı-acılı bir əzab vardır.

Allaha və Onun Rəsuluna qarşı düşmənçilik edənlər, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.

O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları (əməllərini bir-bir sayıb) hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir.

(Ey Peyğəmbər!) Məgər gizli danışmaq qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə asi olmaq barədə öz aralarında gizli-gizli danışanları (yəhudiləri) görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır ("əssəlamu əleykə" əvəzinə "əsammu əleykə - sənə ölüm olsun!" - deyir) və öz-özlərinə: “(Əgər o həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!

Şübhəsiz ki, gizli danışmalar iman gətirənləri kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Allahın izni olmadıqca (Şeytan), onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.

Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən öncə sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.

(Ey Peyğəmbər!) Məgər sən, Allahın qəzəbinə gələn bir qövmlə (yəhudilərlə) dostluq edənləri (münafiqləri) görmədinmi? Onlar (münafiqlər) nə sizdəndirlər, nə də onlardan (yəhudilərdən). Onlar bilə-bilə yalandan and içirlər.

Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onlar üçün alçaldıcı bir əzab vardır.

O gün Allah onların hamısını dirildəcək, (dünyada) sizə (özlərinin mömin olduqlarına dair) and içdikləri kimi, Allaha da (eyni ilə) and içəcək və (bununla) nə isə əldə etdiklərini güman edəcəklər. Bilin ki, onlar əsl yalançılardır.

Allah (lövhi-məhfuzda belə) yazmışdır: “Mən və elçilərim mütləq qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir.

(Ey Peyğəmbər!) Allaha və Axirət gününə iman gətirən bir qövmün – ataları, oğulları, qardaşları yaxud qohum-əqrəbaları olsalar belə – Allaha və Onun Rəsuluna düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, məhz Allahın firqəsi nicat tapanlardır.