عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The cattle [Al-Anaam] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The cattle [Al-Anaam] Ayah 165 Location Maccah Number 6

Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz.

O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da, aşkarda etdiyinizi də və sizin nə qazanacağınızı da bilir.

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.

(Ey Muhamməd!) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!”– deyərdilər.

Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.

Əgər biz (peyğəmbəri) mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.

De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah yaratdıqlarına qarşı) rəhmli olmağı Özünə vacib etmişdir. Vaqe olacağına şübhə edilməyən Qiyamət günü, O sizi bir yerə toplayacaq. Özlərini ziyana uğradanlara gəldikdə isə, onlar iman gətirməzlər.

De: “Əgər Rəbbimə asi olsam, əzəmətli günün (Qiyamət gününün) əzabından qorxaram”.

O gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.

Əgər Allah sənə bir zərər toxundursa, onun qarşısını Alladan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.

O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmətlidir, (hər şeydən) Xəbərdardır.

De: “Şahidlik baxımından hansı şey daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla həm sizi, həm də onun yetişəcəyi hər kəsi xəbərdar edim. Yoxsa siz Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz?” De: “Mən (buna) şahidlik etmərəm!” De: “O, ancaq tək bir İlahdır. Şübhəsiz ki, mən sizin şərik qoşduqlarınızdan uzağam”.

Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!”– deməkdən başqa çarələri qalmayacaq.

Gör onlar özlərinə qarşı necə yalan söylədilər. Uydurduqları şeylər (ilahlar) də onlardan qeyb olub getdi.

Onlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta o kafirlər sənin yanına gəldikdə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərək səninlə höcətləşərlər.

Onlar həm (insanları haqdan) uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar yalnız özlərini həlak edir, (lakin) bunu hiss etmirlər.

Onların atəşin qarşısında dayandırıldıqları zaman: “Kaş ki, biz (dünyaya) qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq”– dediklərini görəydin!

Xeyr! Daha öncə gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə (günahlara) qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.

Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman bir görəydin! (Allah onlara:) “Məgər bu (dirilmə) haqq deyilmi?!”– deyəcək. Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu haqdır!)”– deyəcəklər. (Allah da:) “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”– deyəcəkdir.

Allah ilə qarşılaşmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Nəhayət, (Qiyamət) saatı onları qəflətən haqladıqda, onlar öz günahlarını bellərində daşıyaraq deyəcəklər: “Dünyada yaxşı əməlləri buraxdığımızdan dolayı vay halımıza!” Onların daşıdıqları (şey) necə də pisdir!

(Ey Muhamməd!) Biz, onların söylədiklərinin səni kədərləndirdiyini bilirik. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər.

Səndən əvvəlki peyğəmbərlər də yalançı sayılmışdı. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Allahın kəlmələrini dəyişdirə biləcək kimsə yoxdur. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.

Əgər onların (haqdan) üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına (ata biləcəyin) bir lağım və göyə (çıxa biləcəyin) bir nərdivan tap ki, onlara bir ayət gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!

(Sənin dəvətini) yalnız səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqlar.

Yer üzündə gəzən heyvanların və (göydə) iki qanadı ilə uçan quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda (lövhi-məhfuzda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar.

(Ey Muhamməd!) De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, Allahdan başqasınamı dua edəcəksiniz?!”

Xeyr! Siz yalnız Ona (Allaha) dua edəcəksiniz. Əgər (Allah) istəsə, Ona dua edib (dəf edilməsini) istədiyiniz (bəlanı) aradan qaldırar və şərik qoşduqlarınızı unudarsınız.

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.

De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar (yenə) üz çevirirlər.

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinələr.

Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların haqq-hesabına görə azacıq da olsa cavabdehsən, nə də onlar sənin haqq-hesabına görə azacıq da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.

Beləliklə, Biz onların bir qismini digəri ilə sınaqa çəkdik ki: “Məgər Allah bizim aramızdan yalnız bunlara lütf göstərmişdir?” - desinlər. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?

Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı (əzəldən) vacib etmişdir; sizlərdən hər kəs cahilliyi üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.

Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə (müfəssəl) izah edərik.

De: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir.” De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”.

De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu yalan saydınız. Sizin səbirsizliklə can atdığınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ((haqla batili)) ayırd edənlərin ən yaxşısıdır”.

De: “Əgər səbirsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.

Qeybin açarları Allahın yanındadır. Onları yalnız O bilir. Allah, quruda və dənizdə nələr olduğunu bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və ya quru (şey) yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.

Gecələr sizi öldürən (yatızdıran), gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq və O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.

O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və (bu işə) etinasız yanaşmırlar.

Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”

De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) Ona şərik qoşursunuz”.

De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.

(Quran) həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.

Hər bir xəbərin (gerçəkləşəcəyi) müəyyən bir vaxtı var və siz (onu mütləq) biləcəksiniz.

Müttəqilər onların əməllərinə görə azca da olsa məsuliyyət daşımaz. Lakin xatırlatmaq lazımdır ki, bəlkə (Allahdan) qorxub çəkinsinlər.

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bu (Quranla) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, hər hansı bir fidyəni versə belə, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar su və ağrılı-acılı bir əzab hazırlanmışdır.

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”– deyib doğru yola çağırdıqları çaşqınlıq içində qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Yalnız Allahın haqq yolu doğru yoldur! Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdır.

(Bizə) həmçinin, namaz qılın və (Allahdan) qorxun deyə əmr olundu. Siz məhz Onun hüzuruna toplanacaqsınız”.

Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”.

Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi.

Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam!

Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Yalnız Rəbbimin istədiyi şey (etdiyim günaha görə məni bəlaya düçar etməsindən qorxmağım isə) müstəsnadır. Rəbbimin elmi hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?

Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”

İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar əmin-amanlıq içində olarlar. Doğru yola yönələnlər də (elə) məhz onlardır.

Bu, İbrahimə öz qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kimsənin dərəcələrini ucaldarıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.

Biz ona İshaqı və Yəqubu bəxş etdik. Onların hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu və onun züriyyətindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisalehlərdən idi.

İsmaili, Əlyəsəni, Yunisi və Lutu da (doğru yola yönəltmişdik). Onların hamısını aləmlərdən üstün etdik.

Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyini doğru yola yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.

Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir xatırlatmadır”.

Onlar: “Allah bəşərə heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və hidayət olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini xalqa) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər (Quran vasitəsilə) sizə öyrədilmişdir”. (Ey Muhamməd!) Sən: “Allah! (nazil etmişdir)”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.

Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm ayağında olduqları zaman, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!”– (dediklərini) bircə görəydin.

Səhəri açan da Odur. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etmişdir. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.

Sizi tək bir candan (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) qərar tutacağınız (ana bətni) əmanət saxlanılan yer (qəbir) vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.

Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar (Allah haqqında) bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır.

O Allah sizin Rəbbinizdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Hər şeyi xəlq edən Odur! (Elə isə) Ona ibadət edin! O, hər şeyi qoruyandır.

Gözlər Onu dərk etməz. O isə gözləri dərk edər. O, Lətifdir (qullarına qarşı şəfqətlidir). (Hər şeydən) Xəbərdardır.

(De): “Artıq sizə Rəbbinizdən açıq-aydın dəlillər gəldi. Kim (onları) görsə, (xeyri) onun özünə, kim görməsə, (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”.

Biz ayələri: “(Həm) sən dərs almısan”– desinlər, (həm də) bilən bir qövüm üçün Onu (Quranı) açıqlayaq deyə beləcə (müfəssəl) izah edirik.

Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə nəzarətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.

(Müşriklərin) Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsizlikləri ucbatından, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, Allah da onlara nə etdikləri barədə xəbər verəcəkdir.

(Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan bilirsiniz? O (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər!”

Biz onların ürəklərini və gözlərini ilk dəfə Ona (Qurana) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edərik.

Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmən müəyyən etdik. Onlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.

(İnsanlardan və cinlərdən olan şeytanlar) bunu, axirətə inanmayanların qəlbləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri çirkin əməllərə davam etsinlər deyə belə edərlər.

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, (hər şeyi) Eşidəndir, Biləndir.

Əgər siz Allahın ayələrinə iman gətirmisinizsə, üzərində Onun adı çəkilmiş – (“bismilləh” deyilib kəsilmiş) heyvanlardan yeyin.

Allah, məcburiyyət qarşısında qalaraq yeyəcəyiniz şeylər müstəsna olmaqla – haram buyurulanları təfsilatı ilə sizə bildirdiyi halda, üzərində Onun adı çəkilənlərdən (heyvanlardan) nə üçün yeməyəsiniz?! Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.

Üzərində Allahın adı çəkilməmiş – (“bismilləh” deyilib kəsilməmiş) heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.

Beləliklə, hər bir məmləkətdə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) pis işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər.

Onlara bir ayə gəldikdə: “Allahın peyğəmbərlərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab görəcəklər.

Onlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu vardır. Etdikləri yaxşı əməllərə görə onların Himayəçisi Allahdır.

(Allah) onların hamısını (bir yerə) toplayacağı gün belə deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kimsələrdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.

Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.

(O gün Allah belə deyəcəkdir:) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər.

Bu (peyğəmbərlərin göndərilməsi), sənin Rəbbinin əhalisi qafil olan məmləkəti haqsız yerə həlak etmədiyi üçündür.

Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən qafil deyildir.

Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz.

Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmaz, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatar. Onların verdikləri hökm necə də pisdir!

Beləliklə, müşriklərin bir çoxuna ibadət etdikləri şərikləri, onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi gözəl göstərdilər. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. (Ey Rəsulum!) Elə isə onları uydurduqları ilə birlikdə tərk et.

Onlar öz (batil) iddialarına əsasən: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi haram buyurulan heyvanlardır” – deyirlər. Bu mal-qaradan eləsidə vardır ki, (onları kəsərkən) üzərində Allahın adını çəkməzlər. Onlar bunu Allaha iftira ataraq edirlər. Allah onları atdıqları iftiraya görə cəzalandıracaqdır.

Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı ona (onu yeməyə) şərikdirlər. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, (hər şeyi) biləndir.

Səfehlikləri üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azdılar və doğru yola yönəlmədilər.

Üstündə yük daşınan və yük daşınmayan (və ya yunlarından döşək düzəldilən) heyvanları da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.

De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlar müstəsna olmaqla, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Kim (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Rəbbin bağışlayandır, rəhmlidir.

Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.

Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”.

Müşriklər deyəcəklər: “Əgər Allah istəsəydi, (Ona) nə biz, nə də atalarımız şərik qoşardı və heç bir şeyi də haram etməzdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Sonda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir elminiz varmı? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.

De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, əlbəttə sizin hamınızı doğru yola yönəldərdi”.

Yetim yetkinlik yaşına çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) müstəsna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.

Şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Yoxsa, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.

Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab (Tövratı) verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.

Bu, Bizim nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna!

(Biz bunu ona görə nazil etdik ki, siz:) “Kitab yalnız bizdən əvvəlki iki tayfaya – (yəhudilərə və nəsranilərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından qafilik”– deməyəsiniz.

Yaxud deməyəsiniz ki: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.

Yoxsa onlar özlərinə ancaq mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin (günəşin məğribdən çıxması kimi) bəzi ayətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi ayətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə artıq iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.

Kim (Allahın hüzuruna) yaxşı əməllə gələrsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim də pis əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!

Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir.

Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcə etibarilə birinizi digərinizdən üstün tutan Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.