عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Hypocrites [Al-Munafiqoon] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The Hypocrites [Al-Munafiqoon] Ayah 11 Location Madanah Number 63

(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikdə: “Biz sənin, Allahın Rəsulu olduğuna şəhadət veririk!”– deyirlər. Allah sənin, Onun Rəsulu olduğunu bilir. Allah, münafiqlərin yalançı olduqlarına şahiddir.

Bu, onların (öncə) iman edib sonra küfür etmələri, bu yüzdən də qəlblərinə möhür vurulması səbəbiylədir. Artıq onlar anlamazlar.

(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!

Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman (istehza ilə) başlarını yelləyir və sən onların təkəbbürlə üz döndərdiklərini görürsən.

(Ey Peyğəmbər!) Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz.

Onlar: “Allahın Rəsulu yanında olanlara (mühacirlərə) bir şey xərcləməyin ki, dağılıb getsinlər!”– deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.

Onlar (münafiqlər): “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətli olan, ən zəlil olanı mütləq oradan çıxardacaqdır!”– deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilmirlər.