The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesMutual Disillusion [At-Taghabun] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah Mutual Disillusion [At-Taghabun] Ayah 18 Location Madanah Number 64
Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.
(Ey insanlar!) Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.
O, göyləri və yeri haqqla (ədalət və hikmətlə) yaratdı, sizə surət verdi, surətlərinizi də gözəl şəklə saldı. Dönüş də Onadır.
O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah sinələrdə (qəlblərdə) olanları biləndir.
(Ey Məkkə müşrikləri!) Məgər daha öncə (Nuh, Ad, Səmud qövmləri kimi) kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar (dünyada) etdiklərinin cəzasını daddılar. Onlar üçün (axirətdə) acılı-ağrılı bir əzab vardır.
Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcəkdir?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allah heç nəyə möhtac deyildir. Allah Zəngindir, Tərifəlayiqdir.
Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. (Ey Peyğəmbər!) De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır!”
(Ey insanlar!) Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.
O gün (Allah) sizi Toplanma (Qiyamət) günü üçün cəm edəcəkdir. Həmin gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib saleh əməl etsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük uğurdur.
Kafir olub ayələrimizi yalan sayanlar isə, onlar Cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!
Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi biləndir.
Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğ etməkdir.
Allah! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir.
Mallarınız və övladlarınız (sizin üçün) ancaq bir fitnədir (imtahandır). Böyük mükafat (Cənnət) isə Allah yanındadır.
Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin xəsisliyindən qorunanlar – məhz onlar nicat tapanlardır.
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, həlimdir.
(Allah) qeybi və aşkarı biləndir, Qüdrətlidir, Hikmət sahibidir.