The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Pen [Al-Qalam] - Azerbaijani translation - Ali Khan Mosaiv
Surah The Pen [Al-Qalam] Ayah 52 Location Maccah Number 68
Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!
(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da görəcəklər –
hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir.
(Ey Peyğəmbər! Elə isə haqqı) yalan sayanlara itaət etmə!
Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
(Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,
qeybət edənə, (insanlar arasında) söz gəzdirənə,
xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,
daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –
o, var-dövlət və oğul-uşaq sahibi olsa belə.
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi.
Biz onun burnuna damğa vuracağıq.
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər.
İstisna da etməmişdilər (“inşallah” deməmişdilər).
Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
(Bağ yanıb) zülmət gecə kimi (qapqara) oldu.
Səhər açıldıqda bir-birlərinə səsləndilər:
“Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:
“Bu gün orada heç bir miskin yanınıza girməsin!”
Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!
Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.
Onlar dönüb bir-birlərini qınamağa başladılar
(belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!
Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!
Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.
Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!
Sizə nə olub, necə hökm verirsiniz?!
Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!
(Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!
Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!
(Ey Peyğəmbər!) Onlardan soruş ki, kim buna zamindir?
Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər.
O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar.
(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular.
(Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik.
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.
(Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!
Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!
Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
(Lakin) Rəbbi onu seçib salehlərdən etdi.
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!