عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The heights [Al-Araf] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah The heights [Al-Araf] Ayah 206 Location Maccah Number 7

Əlif. Ləm. Mim. Sad.

Bu, (insanları) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən bir Kitabdır. Bundan ötrü qəlbində heç bir sıxıntı olmasın.

Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi.

Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.

Biz, özlərinə elçi göndərilmiş ümmətləri də, (onlara) göndərilmiş elçiləri də mütləq sorğu-sual edəcəyik.

Onlara (etdikləri əməllərini) Öz elmimizlə mütləq bildirəcəyik. Biz qaib deyildik.

O gün çəki (əməllərin tərəzidə çəkilməsi) bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.

Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!

Biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedik. İblisdən başqa (hamısı dərhal) səcdə etdi. O, səcdə edənlərdən olmadı.

(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. (Çünki) Sən məni oddan, onu isə palçıqdan yaratdın!”

(Allah) buyurdu: “Elə isə oradan (Cənnətdən) aşağı en! Orada təkəbbürlük göstərmək sənə yaraşmaz. Çıx get, çünki sən alçaldılmışlardansan.”

(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.

(Allah) buyurdu: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə, mən də (onları azdırmaq üçün) Sənin düz yolunun üstündə oturacağam.

(Allah) buyurdu: “Oradan (Cənnətdən) qınanılmış və qovulmuş halda çıx! Onlardan (insanlardan) kim sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.

(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizə nəsihət edənlərdənəm”– deyə and içdi.

Beləliklə, (şeytan) hiylə gələrək onları aldatdı. Hər ikisi ağacdan daddıqda, ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”

Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.

(Allah) buyurdu: “Bir-birinizə düşmən kəsilərək (Cənnətdən yerə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır”.

(Allah) dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız”.

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və zinət libası nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu (geyimin nazil edilməsi və təqva libasının bəyanı), Allahın ayələrindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız.

Ey Adəm oğulları! Şeytan, ata-ananızın (Adəm və Həvvanın) ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli, sizin onları görə bilmədiyiniz yerlərdən sizi görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.

Onlar pis əməl (Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. (Ey Muhamməd!) De: “Allah pis əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə xəlq etdiyi kimi (yenidən öz xilqətinizə) qayıdacaqsınız”.

(Allah Öz qullarından) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmağı layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və (bununla da) özlərinin doğru yolda olduqlarını güman edirlər.

Ey Adəm oğulları! Məscidlərə gedərkən (və ya ibadət vaxtı) gözəl libaslarınızı geyinin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevməz.

Hər ümmətin (bəlli) bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.

Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz əməllərini islah edən kimsələrin (Qiyamət günü) heç bir qorxusu olmaz və onlar kədərlənməyəcəklər.

Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün gəldikdə: “Allahdan savayı tapındıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi tərk etdilər!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.

Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir ümmət (Oda) girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “(Əzab) hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!”

Onların Cəhənnəm odundan döşəyi, üstlərini örtməyə də (odundan) yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.

Biz onların qəlblərindəki kin-küdurəti çıxaracağıq. Onların (ağacları və qəsrləri) altından çaylar axacaqdır. Onlar deyəcəklər: “Bizi (Öz hidayəti ilə) buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizi hidayətyə qovuşdurmasaydı, biz özümüz doğru yola yönələ bilməzdik. Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”

Cənnət əhli Cəhənnəm sakinlərinə səslənib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səslənib (belə) deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!

O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.

İki tərəfin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə, səddin üzərində də hər kəsi simasından tanıyan (savabları və günahları bərabər olan) insanlar olacaqdır ki, onlar Cənnət əhlinə səslənib: “Sizə salam olsun!”– deyəcəklər. Onlar çox istəmələrinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmayan kimsələrdir.

“Allah onlara mərhəmət nəsib etməyəcək”– deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı?” (Sədd əhlinə deyiləcəkdir:) “Cənnətə daxil olun! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”

Biz onlara elmlə müfəssəl izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab (Quran) göndərdik.

Yoxsa (kafirlər) yalnız (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməllərdən qeyrisini edək?” Onlar özlərini ziyana uğratdılar. Tabe olduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar.

Küləkləri Öz rəhməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə (dirildib) çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız!

Torpağı münbit məmləkətin bitkiləri, Rəbbinin izni ilə bol-bol məhsul verər. Torpağı pis olan məmləkədən isə faydasız bitkilərdən başqa bir şey çıxmaz. Biz ayələri şükür edən bir qövmə beləcə müfəssəl izah edirik.

Qövmünün zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində olduğunu görürük!”

(Nuh) dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.

(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz?”

(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən də, onlar kor bir qövm idilər.

Ad qövmünə də qardaşları Hudu (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Məgər (Allahın qəzəbindən, əzabından) qorxmursunuz?”

O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.

Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.

Onlar dedilər: “Sən bizə tək Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiklərini tərk etməyimiz üçün gəldin? Əgər doğru danışanlardansansa, (elə isə) bizə vəd etdiyin əzabı gətir”.

(Hud) dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.

Səmud qövmünə də qardaşları Salehi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir dəlildir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar.

Təkəbbür göstərənlər: “Həqiqətən, biz sizin inandığınızı inkar edirik”– dedilər.

Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrinə qarşı çıxıb: “Ey Saleh! Əgər sən (həqiqətən də göndərilən) elçilərdənsənsə, (elə isə) bizə vəd etdiyin əzabı gətir”– dedilər.

Elə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular).

(Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Artıq mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.

Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməlimi edirsiniz?

Siz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Həqiqətən də, siz, həddi aşmış bir qövmsünüz”.

Onun qövmünün cavabı: “Onları (Lutu və ona iman gətirənləri) yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.

Biz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan (əzaba düçar olanlardan) oldu.

Biz onun qövmünün üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.

Mədyən qövmünə də qardaşları Şueybi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü (peyğəmbərlərin sayəsində) islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.

Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz mütləq səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta (dininizi və ya yurdumuzdan cıxarılmağımızı) istəməsək belə?

Elə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular).

(Şueyb) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir bir qövmdən ötrü mən necə heyifsilənə bilərəm?”

Sonra sıxıntını rahatlıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən (əzabla) yaxaladıq.

Əgər o məmləkətlərin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq.

Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yuxuda ikən gəlməyəcəyindən əmin idilərmi?

Ya da o məmləkətlərin əhalisi əzabımızın onlara səhər çağı, onlar əylənərkən gəlməyəcəyindən əmin idilərmi?

Yoxsa onlar Allahın hiyləsindən (qəfildən onlara əzab göndərməyəcəyindən) əmin idilərmi? Ziyana uğrayan qövmdən başqa kimsə Allahın hiyləsindən əmin ola bilməz.

Məgər yer üzünün (keçmiş) sakinlərindən sonra yer üzünə varis olanlara (onların yerinə gələnlərə) bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?

Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini fasiq kimsələr gördük.

Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

Allah barəsində həqiqəti söyləmək mənim borcumdur. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdim. Elə isə (kölə etdiyin) İsrail oğullarını mənimlə birgə (vətənləri Şama) göndər”.

(Firon) dedi: “Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, (elə isə) onu göstər (görək)!”

Musa əsasını (yerə) atdı və o, dərhal aşkar görünən (böyük) bir ilan oldu.

Əlini qoynundan (qoltuğunun altından, yaxud köynəyinin yaxasından) çıxartdı və o, baxanlar üçün ağappaq (parlaq bir əl) oldu.

O sizi yurdunuzdan (Misirdən) çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”

Onlar dedilər: “Onu (Musanı) və qardaşını (Harunu) gözlət və şəhərlərə (sehrbazları) toplayan adamlar göndər ki,

bütün bilikli sehrbazların (hamısını toplayıb) sənin yanına gətirsinlər”.

(Firon) dedi: “Bəli, siz (mənə) ən yaxın adamlardan olacaqsınız”.

(Musa) dedi: “(Əvvəl) siz atın!” Onlar (əllərindəkiləri yerə) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.

Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu.

(Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər.

Onlar dedilər: “Biz Aləmlərin Rəbbinə iman gətirdik –

Sən yalnız, Rəbbimizin dəlilləri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə (bol-bol) səbir əta et və canımızı müsəlman olaraq al”.

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü yer üzündə fitnə-fəsad törətsinlər, həm səni, həm də sənin ilahlarını bir kənara atsınlar deyəmi buraxırsan?”. (Firon) dedi: “Biz mütləq onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) sağ buraxacağıq. Şübhəsiz ki, biz onlar üzərində sarsılmaz bir gücə sahibik”.

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini yer üzünün varisləri təyin edir. (Dünyada və axirətdə) gözəl sonluq müttəqilər üçündür”.

Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da hansı əməl edəcəyinizə baxsın”.

Onlara bir yaxşılıq üz verdikdə: “Bu, bizim üçündür (Biz buna layiqik)!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!

(Kafirlər) dedilər: “Sən bizi sehrləmək üçün nə qədər dəlil gətirsən də, yenə də biz sənə iman gətirən deyilik!”

Biz də müxtəlif (növ) dəllilər onlaraq onların üstünə tufan, çəyirtkələr, bitlər, qurbağalar və (çeşmələrinə) qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.

Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birgə göndərəcəyik”.

Biz, yetişəcəkləri müəyyən vaxta qədər (dənizdə qərq ediləcəkləri günə dəqər) əzabı onlardan sovuşdurduqda isə, onlar dərhal (əhdi) pozdular.

Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar: “Ey Musa! Onların ilahları (bütləri) olduğu kimi, bizim üçün də bir ilah düzəlt”– dedilər. (Musa) dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz.

Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, gördükləri əməllər isə batildir”.

(Musa) dedi: “Allah sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa ilahmı axtaracağam?”

(Ey İsrail oğulları!) Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi.

Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. (Allah) dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılaraq yerə yıxıldı. O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”– dedi

(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə heç bir vasitə olmadan) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”

Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq və dedik: “Bunları möhkəm tut və qövmünə da onun ən yaxşısından tutmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm.

Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən (ayələrimizi anlamaqdan və ya onlara iman gətirməkdən) uzaqlaşdıracağam. Onlar bütün ayələri görsələr (yenə) də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu, onların, ayələrimizi yalan saydıqlarına və onlardan qafil olduqlarına görədir”.

Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdi. Məgər (bu heykəlin) onlarla danışmadığını və onlara düz yol göstərmədiyini görmürdülərmi? (Bununla belə) onu özlərinə ilah qəbul etdilər və (beləliklə də) zalımlardan oldular.

(İsrail oğulları) etdikləri əməldən peşman olduqda və özlərinin haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq, ziyana uğrayanlardan olarıq”– dedilər.

Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda (onlara) dedi: “Məndən sonra necə də pis işlər görmüsünüz! Rəbbinizin əmrini (mənə qırx gecəlik etdiyi vədəsini və ya Rəbinizin əzabını) qabaqlamaqmı istədiniz?” (Musa əlindəki) lövhələri yerə atdı və qardaşının başından tutaraq özünə tərəf çəkdi. (Qardaşı) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdi. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”.

(Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan (etdikləri tövbədən) sonra Bağışlayandır, Rəhmlidir.

Musa Bizim təyin etdiyimiz vaxt üçün qövmündən yetmiş kişi seçdi. Onları sarsıntı yaxaladıqda (həlak oldular). Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən yaxşısısan.

De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ummi (yazıb-oxumaq bilməyən) Elçisinə, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”.

Musanın qövmündən (insanları) haqq ilə doğru yola yönəldən və onun sayəsində ədalətlə hökm verən bir camaat vardır.

Bir zaman onlara deyilmişdi: “Bu şəhərdə (Beytülməqdisdə) sakin olun və orada (olan nemətlərdən) istədiyiniz yerdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan (Beytülməqdisin qapısından, Allaha) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatlarını artıracağıq”.

(Ey Muhamməd!) Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü balıqlar üzə çıxaraq (dəstə-dəstə) onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları belə sınağa çəkirdik.

O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir qövmə nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr!”

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməllərdən çəkindirən kimsələri xilas etdik, zülm edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.

Onlardan sonra Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?

Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da dağın onların üstünə düşəcəyini zənn etmişdilər. (Biz onlara:) “Sizə verdiyimizdən (Tövratdan) yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların zürriyyətlərini çıxararaq və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməməniz üçündür.

Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görəmi məhv edəcəksən?”– deməməniz üçündür.

Onlara (İsrail oğullarına), ayələrimizi verdiyimiz halda, onlardan kənara çıxıb, şeytanın təqibinə məruz qalaraq, bu yüzdən də azğınlığa düşmüş kimsənin əhvalatını anlat.

Allah kimə hidayət bəxş edərsə, doğru yolda olan odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da elə məhz onlardır.

Allahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin və Onun adları barəsində haqdan azanları (Allahın adlarını və ya bu adların mənalarını təhrif edənləri) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.

Yaratdıqlarımız içərisində (insanları) haqq yola yönəldən və (insanlar arasında) ədalətlə hökm verən bir ümmət də vardır.

Ayələrimizi yalan sayanlara gəldikdə isə, Biz onları, heç özlərinin də bilmədikləri bir yerdən tədricən məhvə sürükləyəcəyik.

Mən onlara möhlət verəcəyəm. Lakin Mənim hiyləm çox ağırdır.

Məgər onların yoldaşında (Muhamməddə) heç bir dəlilik olmadığını düşünmürlərmi? O yalnız qorxudan və açıq-aydın xəbər verəndir.

Allah kimi azdırarsa, onu doğru yola yönəldən olmaz. Allah onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edər.

Səndən Qiyamət saatının nə zaman qopacağı barəsində soruşurlar. De: “Bu haqda bilgi yalnız Rəbbimə aiddir. (Qiyamətin) qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə ağır gəlimişdir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi yalnız Allaha aiddir. Lakin insanların əksəriyyəti (bunu) bilməz”.

De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”.

Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan (Adəmdən) onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə qaldı) və (bir müddət) onu (bətnində) daşıdı. (Həvva) ağırlaşdığı zaman hər ikisi də Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”– (deyə) dua etdilər.

Allah onlara sağlam bir övlad verdikdə isə özlərinə verdiyi şeydə Allaha şərik qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır.

Yoxsa onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan bütləri Allaha şərik qoşurlar?

Halbuki (Allahdan qeyri ibadət etdikləri bütlər) nə onlara, nə də özlərinə bir yardım edə bilərlər.

Məgər onların (Allahdan qeyri dua etdiyiniz bütlərin) yeriyən ayaqlarımı var? Yaxud onların tutan əllərimi var? Yoxsa onların görən gözlərimi var? Və ya onların eşidən qulaqlarımı var? De: “Haydı, çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!

(Şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da onlardan əl çəkməzlər.

(Ey Muhamməd!) Onlara bir ayə gətirmədiyin zaman: “Nə olardı ki, onu da (özündən) uyduraydın?”– deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”.

Rəbbinin hüzurunda olan mələklər Ona ibadət etməkdə təkəbbürlük göstərməz, Onun şəninə təriflər deyər və yalnız Ona səcdə edirlər.