عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Repentance [At-Taubah] - Azerbaijani translation - Ali Khan Mosaiv

Surah Repentance [At-Taubah] Ayah 129 Location Madanah Number 9

Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması barədə) bir xəbərdarlıqdır.

Bu, Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü (qurban bayramı günü) insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ.

Məscidulharamın yanında əhd bağladığınız kəslər müstəsna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə doğru-düzgün davranır, siz də onlarla doğru-düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevər.

Necə ola bilər ki?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.

Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onlar (günah etməklə) həddi aşan kimsələrdir.

Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə dil uzatsalar, onlarla vuruşun, çünki onlar andlara riayət etməyən kimsələrdir. (Belə etsəniz) bəlkə, (küfr etməkdən, andlarını pozmaqdan və dininizə dil uzatmaqdan) əl çəkərlər.

Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.

Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin qövmün qəlbini sevindirsin

və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kimsənin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Nəsranilər də: “Məsih Allahın oğludur”– dedilər. Onların ağızlarından çıxan bu sözlər, daha əvvəlki kafirlərin ("lat, uzza, mənat və mələklər Allahın qızlarıdır") dedikləri sözlərə bənzəyir. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər!

Onlar Allahı qoyub alimlərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır!

Onlar (kafirlər) ağızları (batil sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər.

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Bu, özünüz üçün yığıb saxladığınız sərvətinizdir. Elə isə dadın yığıb saxladığınız sərvətin əzabını!”– (deyiləcəkdir.)

(Haram ayı) təxirə salmaq ancaq küfrü artırar. Bununla da kafirlər (haqqdan) azdırılırlar. Onlar bunu bir il halal, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir qövmü doğru yola yönəltməz.

Əgər döyüşə çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz. Allah hər şeyə qadirdir.

Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək etmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz dostuna (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə (mələklərlə) ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah Qüdrətlidir, Hikmət sahibidir.

Əgər səfəriniz gəlir gətirən və rahat bir yolçuluq olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol (Təbuk səfəri) onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– (deyə) Allaha and içəcəklər. Onlar özlərini həlaka sürükləyirlər. Allah onların yalançı olduqlarını bilir.

Allah səni bağışlasın! Doğru söyləyənlər sənə bəlli olmamış, yalançıları da tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izin verdin?

Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izin istəyərlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.

Əgər onlar (münafiqlər döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onlara mane oldu. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi.

Əgər onlar (münafiqlər) sizinlə birgə (döyüşə) çıxsaydılar, işinizdə yalnız qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. Aranızda onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır.

Onlar daha öncə də fitnə törətmək istəmiş və sənə qarşı hiylələr qurmuşdular. Nəhayət haqq gəldi və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.

Onlardan eləsi də var ki: “Mənə izin ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.

Sənə bir uğur (qənimət, zəfər) nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət (Allah yolunda yaralanmaq və ya ölmək) üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə dönüb gedərlər.

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. (Elə isə) qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”

De: “Doğrudanmı siz bizlərə iki uğurdan – (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik.”

De: “İstər könüllü, istərsə də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq bir qövm oldunuz!”

Onlar sizinlə həmrəy olduqlarına (dair) and içirlər. Halbuki onlar sizdən deyillər. Əslində, onlar qorxaq bir qövmdür.

Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir oyuq tapsaydılar, ləngimədən ora yönələrdilər.

Onlardan (münafiqlərdən) elələri də var ki, sədəqələrlə bağlı (sədəqələrin bölgüsündə) sənə nöqsan tuturlar. Əgər (sədəqədən) onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.

Əgər onlar Allahın və Rəsulunun onlara verdiyinə razı olub: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Rəsulu da. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– desəydilər onlar üçün daha xeyirli olardı.

Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq yalnız fəqirlərə, miskinlərə, zəkatı yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtarıb yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Onlardan (Münafiqlərdən) elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O hər eşitdiyi sözə inanan) bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün yalnız xeyirli sözlər eşidən bir qulaqdır (eşitdiyi hər sözə əhəmiyyət verməz). O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir.” Allahın Rəsuluna əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır.

Sizi razı salmaq üçün Allaha and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allahı və Onun Rəsulunu razı salmaları daha önəmlidir.

Münafiqlər, qəlbində olanı xəbər verən bir surənin (Peyğəmbərə) nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”.

Onlardan (nə üçün istehza etdikləri barədə) soruşsan: “Biz sadəcə söhbət edib zarafatlaşırdıq!”– deyərlər. De: “Allaha, Onun ayələrinə və Onun Rəsuluna istehzamı edirsiniz?

Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz.” Sizlərdən bir qismini (tövbə etdiyinə görə) bağışlasaq da, digərlərinə günahkar olduqlarına (tövbə etmədiyinə) görə əzab verərik.

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanlara) pis işləri əmr edib, yaxşı işlərdən çəkindirər və (Allah üçün xərcləməkdən) xəsislik göstərərlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir.

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu (əzab) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.

(Ey münafiqlər!) Sizdə özünüzdən öncəkilər (münafiqlər) kimisiniz. Onlar sizdən daha qüvvətli, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar (dünyadakı) öz paylarından zövq alıb faydalandılar. Sizdən öncəkilər (dünyadakı) öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq alıb faydalandınız. Onlar (batil fikirlərə) daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də puç olmuşdur. Əsil ziyana uğrayanlar da elə məhz onlardır.

Məgər onlara özlərindən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud (tayfalarının), İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin – (Lut tayfasının) xəbərləri gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

Allah mömin kişilərə və mömin qadınlara (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə (bunların hamısından) daha böyükdür. Bu, böyük uğurdur.

(Münafiqlər, Peyğəmbər barədə) nalayiq sözlər söyləmədiklərinə dair Allaha and içirlər. Onlar küfr sözünü söyləmiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə (Təbuk qəzavatında Əqabə gecəsi Peyğəmbəri öldürməyə) can atmışdılar. Onların intiqam almağı yalnız Allahın və Rəsulunun onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.

Onlardan (Münafiqlərdən): “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”– deyə Allaha əhd edənlər də vardır.

(Nəhayət) Allah Öz lütfündən onlara verdikdə isə xəsislik edərək (imandan və ya verdikləri sözdən) üz döndərdilər.

Məgər (münafiqlər), Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agah olduğunu bilmirdilər. Allah qeybləri biləndir?

Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını təsəddüq edənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah da məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.

(Ey Muhamməd) Onlar (münafiqlər) üçün bağışlanma diləsən də, diləməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən də belə, Allah onları əsla bağışlamayacaqdır. Bu, onların Allahı və Onun Rəsulunu inkar etdiklərinə görədir. Allah fasiq bir qövmü doğru yola yönəltməz.

(Döyüşə getməyib) arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm atəşi daha hərarətlidir!” Kaş anlayaydılar.

Əgər Allah səni onlardan bir zümrənin yanına qaytarsa və onlar (döyüşə) çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə (evdə) oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bərabər, siz də (evdə) oturun!”

“Allaha iman gətirin və Onun Rəsulu ilə birlikdə cihad edin!”– deyə bir surə nazil edildikdə onların var-dövlətə sahib olanları səndən icazə istəyib: “Bizi burax (evdə) oturanlarla (zəyiflər və xəstələrlə) birlikdə qalaq!”– dedilər.

Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar (haqqı) anlamazlar.

Allah onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.

Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə (Peyğəmbərin yanına) gəldilər. Allaha və Onun Rəsuluna yalan söyləyənlər isə (üzr istəmədən evlərində) oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.

Allaha və Onun Rəsuluna sadiq qalacaqları təqdirdə acizlərə (qadınlara, uşaqlara), xəstələrə (qocalara, korlara, çolaqlara və s. bu kimi kimsələrə) və (döyüşdə) vuruşmağa bir şey tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə məzəmmət etməyə də əsas yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.

Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad yolunda) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərdə heç bir günah yoxdur.

Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla (qadınlar və uşaqlarla) birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərinin aqibətini) bilməzlər.

(Döyüşdən geri dönüb) onların yanlarına qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Bundan sonrakı) əməllərinizi Allah da görəcək, Onun Rəsulu da.” Sonra isə qeybi və aşkarı Bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdikləriniz barədə xəbər verəcəkdir.

Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə (qarşınızda) Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqlarının cəzası olaraq gedəcəkləri yer Cəhənnəm olacaqdır.

Bədəvilər içərisində elələri də vardır ki, (Allah yolunda) xərclədiklərini itki sayır və sizə bir bəla üz verməsini gözləyirlər. Bəla onların öz başlarına gələcək. Allah (hər şeyi) eşidəndir, biləndir.

Bədəvilər içərisində elələri də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün (Allaha) yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.

Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi arasında, ikiüzlülükdə inadkarlıq edən münafiqlər vardır. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Biz onlara iki dəfə (dünyada və qəbirdə) əzab verəcəyik. Sonra da (axirətdə) böyük bir əzaba düçar olacaqlar.

Digərləri isə öz günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Onların mallarından sədəqə götür ki, bununla onları (günahlarından) pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.

(Döyüşə getməyənlərdən) bəziləri barədə hökm Allaha qalmışdır. (Allah) ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəldən Allaha və Onun Rəsuluna qarşı müharibə edən kimsəni (Əbu Amir ər-Rahibi) gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– (deyə) and içəcəklər. Onların yalançı olduğuna Allah şahiddir.

Orada əsla namaz qılma. İlk gündən təqva üzərində bina edilmiş (Quba və ya Peyğəmbər) məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevər.

Onların tikdiyi bina (məscid), ürəkləri parça-parça olana (ölənə) qədər, qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Allah bir qövmü doğru yola yönəltdikdən sonra, qorxub çəkinməli olduqları şeyləri özlərinə xəbərdar etmədən onları (haqq yoldan) azdırmaz. Həqiqətən, Allah hər şeyi biləndir.

Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O, dirildir və öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir yardımçınız vardır.

Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə ikən Peyğəmbəri, çətin anda onun ardınca gedən mühacirləri və ənsarı (əvvəlcə) tövbəyə müvəffəq etdi, sonra da onların tövbələrini qəbul buyurdu. Çünki Allah onlara qarşı çox şəfqətlidir, rəhmlidir.

(Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbəsini qəbul etdi). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və beləliklə də, onlar Allahın əzabından yalnız Ona sığınmaqdan başqa bir çarə olmadığını anlamışdılar. Sonra (Allah), peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə, xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.

Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (nazil edilən surə) onların imanını artırar və onlar bir-birlərini müjdələyərlər.

Qəlblərində xəstəlik olanlara gəlincə, (nazil edilən surə) onların murdarlığı üstünə bir murdarlıq da artırar və onlar kafir olaraq ölərlər.

Bir surə nazil edildiyi zaman onlar (münafiqlər): “(Möminlərdən) sizi kimsə görürmü?”– (deyə) bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. (Münafiqlər) anlamayan bir qövm olduqları üçün Allah onların qəlblərini (imandan) məhrum etmişdir.

Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, əzəmətli Ərşin Rəbbidir!”