Main pages

Surah The Prophets [Al-Anbiya] in Azerbaijani

Surah The Prophets [Al-Anbiya] Ayah 112 Location Maccah Number 21

ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍۢ مُّعْرِضُونَ ﴿١﴾

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.

Məmmədəliyev & Bünyadov

İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).

مَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ ﴿٢﴾

Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –

Məmmədəliyev & Bünyadov

Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;

لَاهِيَةًۭ قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ ﴿٣﴾

qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”

Məmmədəliyev & Bünyadov

Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur’an sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.

قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٤﴾

Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

Məmmədəliyev & Bünyadov

(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!”

بَلْ قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌۭ فَلْيَأْتِنَا بِـَٔايَةٍۢ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ ﴿٥﴾

Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”.

Məmmədəliyev & Bünyadov

Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Qur’an) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən mö’cüzələr kimi bizə bir mö’cüzə gətirsin!”

مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ ﴿٦﴾

Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?

Məmmədəliyev & Bünyadov

Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö’cüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ ﴿٧﴾

Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!

وَمَا جَعَلْنَٰهُمْ جَسَدًۭا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَٰلِدِينَ ﴿٨﴾

Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər.

Məmmədəliyev & Bünyadov

Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq. Onlar (dünyada) əbədi də deyillər.

ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ ﴿٩﴾

Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.

Məmmədəliyev & Bünyadov

Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.

لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَٰبًۭا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ ﴿١٠﴾

Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?

Məmmədəliyev & Bünyadov

Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim mö’minlərin yadına salar). Məgər dərk etmirsinizmi?

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍۢ كَانَتْ ظَالِمَةًۭ وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ ﴿١١﴾

Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqlar yaratdıq.

Məmmədəliyev & Bünyadov

Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.

فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ ﴿١٢﴾

Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar.

Məmmədəliyev & Bünyadov

Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular.

لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ ﴿١٣﴾

“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləşdilər”.

Məmmədəliyev & Bünyadov

(Mələklər istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!

قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿١٤﴾

Onlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– deyirdilər.

Məmmədəliyev & Bünyadov

Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)”, - dedilər.

فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ ﴿١٥﴾

Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar.

Məmmədəliyev & Bünyadov

Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər).

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ ﴿١٦﴾

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.

Məmmədəliyev & Bünyadov

Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).

لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًۭا لَّٱتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ﴿١٧﴾

Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik.

Məmmədəliyev & Bünyadov

Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).

بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌۭ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ ﴿١٨﴾

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!

Məmmədəliyev & Bünyadov

Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!

وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ ﴿١٩﴾

Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar.

Məmmədəliyev & Bünyadov

Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.

يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ ﴿٢٠﴾

Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər.

Məmmədəliyev & Bünyadov

Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər deyərlər.

أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةًۭ مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ ﴿٢١﴾

Yoxsa müşriklər özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?

Məmmədəliyev & Bünyadov

Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!)

لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ﴿٢٢﴾

Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!

Məmmədəliyev & Bünyadov

Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ ﴿٢٣﴾

Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar.

Məmmədəliyev & Bünyadov

(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ ﴿٢٤﴾

Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər.

Məmmədəliyev & Bünyadov

Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Qur’an), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!”

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ ﴿٢٥﴾

Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək.

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۚ بَلْ عِبَادٌۭ مُّكْرَمُونَ ﴿٢٦﴾

Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır.

Məmmədəliyev & Bünyadov

(Kafirlər:) “Rəhman (mələklərdən Özünə) övlad götürdü!” – dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.

لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ ﴿٢٧﴾

Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər.

Məmmədəliyev & Bünyadov

(Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ ﴿٢٨﴾

Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.

Məmmədəliyev & Bünyadov

(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.

۞ وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَٰهٌۭ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ ﴿٢٩﴾

Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.

Məmmədəliyev & Bünyadov

(Mələklərdən) heç kəs: “Mən Ondan başqa bir tanrıyam!” – desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.

أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًۭا فَفَتَقْنَٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴿٣٠﴾

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?

Məmmədəliyev & Bünyadov

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).

وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًۭا سُبُلًۭا لَّعَلَّهُمْ يَهْتَدُونَ ﴿٣١﴾

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq.

Məmmədəliyev & Bünyadov

Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.

وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًۭا مَّحْفُوظًۭا ۖ وَهُمْ عَنْ ءَايَٰتِهَا مُعْرِضُونَ ﴿٣٢﴾

Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.

Məmmədəliyev & Bünyadov

Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər.

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ﴿٣٣﴾

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür.

Məmmədəliyev & Bünyadov

Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).

وَمَا جَعَلْنَا لِبَشَرٍۢ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَٰلِدُونَ ﴿٣٤﴾

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةًۭ ۖ وَإِلَيْنَا تُرْجَعُونَ ﴿٣٥﴾

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!

Məmmədəliyev & Bünyadov

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَٰنِ هُمْ كَٰفِرُونَ ﴿٣٦﴾

Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınıza tə’nə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.

خُلِقَ ٱلْإِنسَٰنُ مِنْ عَجَلٍۢ ۚ سَأُو۟رِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ ﴿٣٧﴾

İnsan tələsən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin.

Məmmədəliyev & Bünyadov

İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e’tibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿٣٨﴾

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

Məmmədəliyev & Bünyadov

Onlar (kafirlər): “Əgər siz doğru danışırsınızsa, bu və’din (əzabın, yaxud qiyamətin) nə vaxt olacağını bildirin!” – deyirlər.

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ ﴿٣٩﴾

Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!

Məmmədəliyev & Bünyadov

Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının tezliklə gəlməsini istəməzdilər).

بَلْ تَأْتِيهِم بَغْتَةًۭ فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ ﴿٤٠﴾

Yox, Qiyamət onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir.

Məmmədəliyev & Bünyadov

Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut edər). (Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə, üzrxahlıq üçün) möhlət də verilməz!

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٤١﴾

Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri həmin o istehza etdikləri şey məhv etdi.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi.

قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ ﴿٤٢﴾

De: “Gecə də, gündüz də sizi Mərhəmətli Allahdan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər.

Məmmədəliyev & Bünyadov

De: “Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib dolandığınız zaman) Rəhmandan (Rəhmanın əzabından) kim qurtara bilər?” Amma onlar Rəbbinin öyüd-nəsihətindən (Qur’andan) üz döndərdilər.

أَمْ لَهُمْ ءَالِهَةٌۭ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ ﴿٤٣﴾

Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər.

Məmmədəliyev & Bünyadov

Yoxsa onların Bizdən başqa (əzabı) onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də (əzabımızdan da) qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə bilməzlər).

بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَٰلِبُونَ ﴿٤٤﴾

Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!

Məmmədəliyev & Bünyadov

Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!

قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ﴿٤٥﴾

De: “Mən sizi ancaq vəhy ilə qabaqcadan xəbərdar edirəm”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) De: “Mən sizi ancaq vəhy ilə qorxuduram”. Karlar qorxudulduğu zaman çağırışı eşitməzlər!

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌۭ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿٤٦﴾

Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də zalım olmuşuq”– deyərlər.

Məmmədəliyev & Bünyadov

Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)” – deyəcəklər.

وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ﴿٤٧﴾

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.

Məmmədəliyev & Bünyadov

Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءًۭ وَذِكْرًۭا لِّلْمُتَّقِينَ ﴿٤٨﴾

Biz Furqanı müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət kimi Musa və Haruna vermişdik.

Məmmədəliyev & Bünyadov

Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.

ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ ﴿٤٩﴾

O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər.

Məmmədəliyev & Bünyadov

O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.

وَهَٰذَا ذِكْرٌۭ مُّبَارَكٌ أَنزَلْنَٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ ﴿٥٠﴾

Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?

Məmmədəliyev & Bünyadov

Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?

۞ وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ﴿٥١﴾

Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.

Məmmədəliyev & Bünyadov

Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَٰكِفُونَ ﴿٥٢﴾

Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi.

Məmmədəliyev & Bünyadov

(İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” – dediyi zaman

قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ﴿٥٣﴾

Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər.

Məmmədəliyev & Bünyadov

Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab vermişdilər.

قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿٥٤﴾

İbrahim demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”.

Məmmədəliyev & Bünyadov

(İbrahim onlara:) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!” – demişdi.

قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ ﴿٥٥﴾

Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər.

Məmmədəliyev & Bünyadov

Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)” – deyə soruşduqda

قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ ﴿٥٦﴾

İbrahim demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.

Məmmədəliyev & Bünyadov

(İbrahim) belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ ﴿٥٧﴾

Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”

Məmmədəliyev & Bünyadov

Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam! (Başlarına bir oyun açacağam!)”

فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًۭا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ ﴿٥٨﴾

Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.

Məmmədəliyev & Bünyadov

(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).

قَالُوا۟ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ﴿٥٩﴾

Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”

Məmmədəliyev & Bünyadov

(Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”

قَالُوا۟ سَمِعْنَا فَتًۭى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ ﴿٦٠﴾

Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər.

Məmmədəliyev & Bünyadov

(Müşriklərin bə’ziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” – dedilər.

قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ ﴿٦١﴾

Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər.

Məmmədəliyev & Bünyadov

(Qalanları:) “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!” – dedilər.

قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبْرَٰهِيمُ ﴿٦٢﴾

Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?”

Məmmədəliyev & Bünyadov

(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular.

قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ ﴿٦٣﴾

İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”.

Məmmədəliyev & Bünyadov

(İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi.

فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّٰلِمُونَ ﴿٦٤﴾

Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız”– dedilər.

Məmmədəliyev & Bünyadov

Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)”, - dedilər.

ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ﴿٦٥﴾

Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”.

Məmmədəliyev & Bünyadov

Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski e’tiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər.

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًۭٔا وَلَا يَضُرُّكُمْ ﴿٦٦﴾

İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?

Məmmədəliyev & Bünyadov

(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?

أُفٍّۢ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ ﴿٦٧﴾

Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?”

Məmmədəliyev & Bünyadov

Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?”

قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَٰعِلِينَ ﴿٦٨﴾

Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”.

Məmmədəliyev & Bünyadov

(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”

قُلْنَا يَٰنَارُ كُونِى بَرْدًۭا وَسَلَٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿٦٩﴾

Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik.

Məmmədəliyev & Bünyadov

Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)” – deyə buyurduq.

وَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَخْسَرِينَ ﴿٧٠﴾

Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.

Məmmədəliyev & Bünyadov

Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq.

وَنَجَّيْنَٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا لِلْعَٰلَمِينَ ﴿٧١﴾

Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.

Məmmədəliyev & Bünyadov

Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ نَافِلَةًۭ ۖ وَكُلًّۭا جَعَلْنَا صَٰلِحِينَ ﴿٧٢﴾

Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik.

Məmmədəliyev & Bünyadov

Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə’qubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.

وَجَعَلْنَٰهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ ۖ وَكَانُوا۟ لَنَا عَٰبِدِينَ ﴿٧٣﴾

Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

Məmmədəliyev & Bünyadov

Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

وَلُوطًا ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا وَنَجَّيْنَٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَٰٓئِثَ ۗ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَٰسِقِينَ ﴿٧٤﴾

Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.

Məmmədəliyev & Bünyadov

Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb) xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər.

وَأَدْخَلْنَٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ﴿٧٥﴾

Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.

Məmmədəliyev & Bünyadov

Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.

وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿٧٦﴾

Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq!

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!

وَنَصَرْنَٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ ﴿٧٧﴾

Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

Məmmədəliyev & Bünyadov

Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.

وَدَاوُۥدَ وَسُلَيْمَٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَٰهِدِينَ ﴿٧٨﴾

Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.

فَفَهَّمْنَٰهَا سُلَيْمَٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًۭا وَعِلْمًۭا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَٰعِلِينَ ﴿٧٩﴾

Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik.

Məmmədəliyev & Bünyadov

Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə’rifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.

وَعَلَّمْنَٰهُ صَنْعَةَ لَبُوسٍۢ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَٰكِرُونَ ﴿٨٠﴾

Biz Davuda sizi döyüşdə təhlükələrdən mühafizə etmək üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?

Məmmədəliyev & Bünyadov

Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne’mətinə) artıq şükür edərmisiniz?

وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ عَاصِفَةًۭ تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَىْءٍ عَٰلِمِينَ ﴿٨١﴾

Güclü əsən küləyi Süleymana ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik.

Məmmədəliyev & Bünyadov

Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًۭا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَٰفِظِينَ ﴿٨٢﴾

Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.

Məmmədəliyev & Bünyadov

Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.

۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ﴿٨٣﴾

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”

فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّۢ ۖ وَءَاتَيْنَٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَٰبِدِينَ ﴿٨٤﴾

Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.

Məmmədəliyev & Bünyadov

Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.

وَإِسْمَٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰبِرِينَ ﴿٨٥﴾

İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edənlərdən idilər.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.

وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ﴿٨٦﴾

Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.

Məmmədəliyev & Bünyadov

Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبًۭا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبْحَٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ ﴿٨٧﴾

Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”

Məmmədəliyev & Bünyadov

Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi.

فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَٰهُ مِنَ ٱلْغَمِّ ۚ وَكَذَٰلِكَ نُۨجِى ٱلْمُؤْمِنِينَ ﴿٨٨﴾

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!

Məmmədəliyev & Bünyadov

Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz mö’minlərə belə nicat veririk!

وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًۭا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ ﴿٨٩﴾

Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!”

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi.

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًۭا وَرَهَبًۭا ۖ وَكَانُوا۟ لَنَا خَٰشِعِينَ ﴿٩٠﴾

Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər.

Məmmədəliyev & Bünyadov

Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt’i idilər.

وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَٰهَا وَٱبْنَهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ ﴿٩١﴾

İsmətini qoruyan Məryəmi də yada sal! Biz onun paltarının döşündəki kəsiyinə Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö’cüzə etdik.

إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ ﴿٩٢﴾

Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!

Məmmədəliyev & Bünyadov

(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!

وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ ﴿٩٣﴾

Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.

Məmmədəliyev & Bünyadov

Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik).

فَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ ﴿٩٤﴾

Kim mömin olduğu halda yaxşı işlər görsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.

Məmmədəliyev & Bünyadov

Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.

وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ ﴿٩٥﴾

Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya qayıtmayacaqlar.

Məmmədəliyev & Bünyadov

Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır).

حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍۢ يَنسِلُونَ ﴿٩٦﴾

Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;

Məmmədəliyev & Bünyadov

Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman;

وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَٰخِصَةٌ أَبْصَٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍۢ مِّنْ هَٰذَا بَلْ كُنَّا ظَٰلِمِينَ ﴿٩٧﴾

haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!”

Məmmədəliyev & Bünyadov

Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər.

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ ﴿٩٨﴾

Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz.

Məmmədəliyev & Bünyadov

(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!

لَوْ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةًۭ مَّا وَرَدُوهَا ۖ وَكُلٌّۭ فِيهَا خَٰلِدُونَ ﴿٩٩﴾

Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.

Məmmədəliyev & Bünyadov

Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.

لَهُمْ فِيهَا زَفِيرٌۭ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ ﴿١٠٠﴾

Onlar orada xırıldayacaq və heç nə eşitməyəcəklər.

Məmmədəliyev & Bünyadov

Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər.

إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ ﴿١٠١﴾

Əzəldən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.

Məmmədəliyev & Bünyadov

(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَٰلِدُونَ ﴿١٠٢﴾

Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.

Məmmədəliyev & Bünyadov

Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (ne’mətlər) içində əbədi qalacaqlar.

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ هَٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ ﴿١٠٣﴾

Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər.

Məmmədəliyev & Bünyadov

Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə və’d olunmuş gününüzdür!” – deyəcəklər.

يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍۢ نُّعِيدُهُۥ ۚ وَعْدًا عَلَيْنَآ ۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ﴿١٠٤﴾

O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.

Məmmədəliyev & Bünyadov

Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d etmişdik. Biz onu mütləq edəcəyik).

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّٰلِحُونَ ﴿١٠٥﴾

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.

Məmmədəliyev & Bünyadov

Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.

إِنَّ فِى هَٰذَا لَبَلَٰغًۭا لِّقَوْمٍ عَٰبِدِينَ ﴿١٠٦﴾

Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır.

Məmmədəliyev & Bünyadov

Həqiqətən, bunda da (Qur’anda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət qədər) moizə (öyüd-nəsihət) vardır.

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا رَحْمَةًۭ لِّلْعَٰلَمِينَ ﴿١٠٧﴾

Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.

Məmmədəliyev & Bünyadov

Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).

قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿١٠٨﴾

De: “Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?”

Məmmədəliyev & Bünyadov

(Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin tanrınız ancaq bir olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun qoyacaqsınızmı?”

فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍۢ ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌۭ مَّا تُوعَدُونَ ﴿١٠٩﴾

Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: “(Mənə vəhy olunanı) sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və’d olunan şeyin (qiyamət gününün və ya mö’minlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm.

إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ ﴿١١٠﴾

Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.

Məmmədəliyev & Bünyadov

Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!

وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌۭ لَّكُمْ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ ﴿١١١﴾

Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu dünyada faydalanmağınız üçündür”.

Məmmədəliyev & Bünyadov

Mən bilmirəm, bəlkə də, (cəzanızın) tə’xirə salınması sizi imtahana çəkmək və bir müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür”.

قَٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ ۗ وَرَبُّنَا ٱلرَّحْمَٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴿١١٢﴾

Peyğəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır”.

Məmmədəliyev & Bünyadov

(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”