Main pages

Surah The Spider [Al-Ankaboot] in Azerbaijani

Surah The Spider [Al-Ankaboot] Ayah 69 Location Maccah Number 29

الٓمٓ ﴿١﴾

Əlif. Ləm. Mim.

Məmmədəliyev & Bünyadov

Əlif, Lam, Mim!

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓا۟ أَن يَقُولُوٓا۟ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ ﴿٢﴾

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?

Məmmədəliyev & Bünyadov

İnsanlar (mö’minlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mö’min olduğunu ayırd edib bilək!)

وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَٰذِبِينَ ﴿٣﴾

Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.

Məmmədəliyev & Bünyadov

Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!

أَمْ حَسِبَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسْبِقُونَا ۚ سَآءَ مَا يَحْكُمُونَ ﴿٤﴾

Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.

Məmmədəliyev & Bünyadov

Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!

مَن كَانَ يَرْجُوا۟ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَءَاتٍۢ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٥﴾

Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.

Məmmədəliyev & Bünyadov

Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!

وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفْسِهِۦٓ ۚ إِنَّ ٱللَّهَ لَغَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ ﴿٦﴾

Cihad edən məhz öz xeyri naminə cihad edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.

Məmmədəliyev & Bünyadov

(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdiklərin əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir).

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ﴿٧﴾

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.

Məmmədəliyev & Bünyadov

İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).

وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ حُسْنًۭا ۖ وَإِن جَٰهَدَاكَ لِتُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَآ ۚ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٨﴾

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.

Məmmədəliyev & Bünyadov

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُدْخِلَنَّهُمْ فِى ٱلصَّٰلِحِينَ ﴿٩﴾

İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qovuşduracağıq.

Məmmədəliyev & Bünyadov

İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِىَ فِى ٱللَّهِ جَعَلَ فِتْنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِ وَلَئِن جَآءَ نَصْرٌۭ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِمَا فِى صُدُورِ ٱلْعَٰلَمِينَ ﴿١٠﴾

İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?

Məmmədəliyev & Bünyadov

Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” – deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (mö’minlərə) bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” – deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!

وَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْمُنَٰفِقِينَ ﴿١١﴾

Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.

Məmmədəliyev & Bünyadov

Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَٰيَٰكُمْ وَمَا هُم بِحَٰمِلِينَ مِنْ خَطَٰيَٰهُم مِّن شَىْءٍ ۖ إِنَّهُمْ لَكَٰذِبُونَ ﴿١٢﴾

Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.

Məmmədəliyev & Bünyadov

Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًۭا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْـَٔلُنَّ يَوْمَ ٱلْقِيَٰمَةِ عَمَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿١٣﴾

Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.

Məmmədəliyev & Bünyadov

Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًۭا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمْ ظَٰلِمُونَ ﴿١٤﴾

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.

Məmmədəliyev & Bünyadov

Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.

فَأَنجَيْنَٰهُ وَأَصْحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلْنَٰهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ ﴿١٥﴾

Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.

Məmmədəliyev & Bünyadov

Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.

وَإِبْرَٰهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿١٦﴾

İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir?

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!

إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوْثَٰنًۭا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًۭا فَٱبْتَغُوا۟ عِندَ ٱللَّهِ ٱلرِّزْقَ وَٱعْبُدُوهُ وَٱشْكُرُوا۟ لَهُۥٓ ۖ إِلَيْهِ تُرْجَعُونَ ﴿١٧﴾

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”.

Məmmədəliyev & Bünyadov

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”

وَإِن تُكَذِّبُوا۟ فَقَدْ كَذَّبَ أُمَمٌۭ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ﴿١٨﴾

Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.

Məmmədəliyev & Bünyadov

(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!

أَوَلَمْ يَرَوْا۟ كَيْفَ يُبْدِئُ ٱللَّهُ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥٓ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿١٩﴾

Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də, bu, Allah üçün asandır.

Məmmədəliyev & Bünyadov

Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ بَدَأَ ٱلْخَلْقَ ۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشْأَةَ ٱلْءَاخِرَةَ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٢٠﴾

De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرْحَمُ مَن يَشَآءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ ﴿٢١﴾

O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız.

Məmmədəliyev & Bünyadov

(Allah) istədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız!

وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ﴿٢٢﴾

Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.

Məmmədəliyev & Bünyadov

Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də olsanız, göyə də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!”

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُو۟لَٰٓئِكَ يَئِسُوا۟ مِن رَّحْمَتِى وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٢٣﴾

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.

Məmmədəliyev & Bünyadov

Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.

فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٢٤﴾

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.

Məmmədəliyev & Bünyadov

Tayfasının (İbrahimin sözlərinə) cavabı: “Onu öldürün, yaxud da yandırın!” – deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

وَقَالَ إِنَّمَا ٱتَّخَذْتُم مِّن دُونِ ٱللَّهِ أَوْثَٰنًۭا مَّوَدَّةَ بَيْنِكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ يَوْمَ ٱلْقِيَٰمَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍۢ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًۭا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ﴿٢٥﴾

İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”.

Məmmədəliyev & Bünyadov

(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lə’nət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”

۞ فَـَٔامَنَ لَهُۥ لُوطٌۭ ۘ وَقَالَ إِنِّى مُهَاجِرٌ إِلَىٰ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٦﴾

Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”.

Məmmədəliyev & Bünyadov

Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلْكِتَٰبَ وَءَاتَيْنَٰهُ أَجْرَهُۥ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْءَاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ﴿٢٧﴾

Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!

Məmmədəliyev & Bünyadov

Biz ona (İbrahimə) İshaqı və Yə’qubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ إِنَّكُمْ لَتَأْتُونَ ٱلْفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍۢ مِّنَ ٱلْعَٰلَمِينَ ﴿٢٨﴾

Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?

أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ وَتَقْطَعُونَ ٱلسَّبِيلَ وَتَأْتُونَ فِى نَادِيكُمُ ٱلْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱئْتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿٢٩﴾

Həqiqətən, siz kişilərin yanına şəhvətlə gedir, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.

Məmmədəliyev & Bünyadov

Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu.

قَالَ رَبِّ ٱنصُرْنِى عَلَى ٱلْقَوْمِ ٱلْمُفْسِدِينَ ﴿٣٠﴾

Lut dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!”

Məmmədəliyev & Bünyadov

(Lut:) “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” – dedi.

وَلَمَّا جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوٓا۟ إِنَّا مُهْلِكُوٓا۟ أَهْلِ هَٰذِهِ ٱلْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا۟ ظَٰلِمِينَ ﴿٣١﴾

Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman dedilər: “Biz bu şəhərin sakinlərini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”.

Məmmədəliyev & Bünyadov

Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə’qubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər.

قَالَ إِنَّ فِيهَا لُوطًۭا ۚ قَالُوا۟ نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ ﴿٣٢﴾

İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.

Məmmədəliyev & Bünyadov

(İbrahim) dedi: “Orada (onların içində Allahın mö’min bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər.

وَلَمَّآ أَن جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالُوا۟ لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا ٱمْرَأَتَكَ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ ﴿٣٣﴾

Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.

Məmmədəliyev & Bünyadov

Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub mə’yus oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!

إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهْلِ هَٰذِهِ ٱلْقَرْيَةِ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ ﴿٣٤﴾

Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”.

Məmmədəliyev & Bünyadov

Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”

وَلَقَد تَّرَكْنَا مِنْهَآ ءَايَةًۢ بَيِّنَةًۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٣٥﴾

Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq.

Məmmədəliyev & Bünyadov

Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱرْجُوا۟ ٱلْيَوْمَ ٱلْءَاخِرَ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿٣٦﴾

Mədyən əhalisinə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.

Məmmədəliyev & Bünyadov

Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin!”

فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ ﴿٣٧﴾

Onlar isə onu yalançı saydılar. Buna görə də onları qorxunc səsli bir zəlzələ yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

Məmmədəliyev & Bünyadov

Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu).

وَعَادًۭا وَثَمُودَا۟ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ وَكَانُوا۟ مُسْتَبْصِرِينَ ﴿٣٨﴾

Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.

Məmmədəliyev & Bünyadov

Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirikn) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.

وَقَٰرُونَ وَفِرْعَوْنَ وَهَٰمَٰنَ ۖ وَلَقَدْ جَآءَهُم مُّوسَىٰ بِٱلْبَيِّنَٰتِ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ وَمَا كَانُوا۟ سَٰبِقِينَ ﴿٣٩﴾

Qarunu, Fironu və Hamanı da məhv etdik. Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və axırda əzabımızdan qaça bilmədilər.

Məmmədəliyev & Bünyadov

Biz Qarunu da, Fir’onu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük etdilər və (buna görə də əzabımızdan) sovuşa bilmədilər!

فَكُلًّا أَخَذْنَا بِذَنۢبِهِۦ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًۭا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ ٱلصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ ٱلْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٤٠﴾

Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə qasırğa ilə birgə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər.

Məmmədəliyev & Bünyadov

Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ كَمَثَلِ ٱلْعَنكَبُوتِ ٱتَّخَذَتْ بَيْتًۭا ۖ وَإِنَّ أَوْهَنَ ٱلْبُيُوتِ لَبَيْتُ ٱلْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٤١﴾

Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!

Məmmədəliyev & Bünyadov

Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir e’tibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar).

إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِۦ مِن شَىْءٍۢ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٤٢﴾

Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir.

Məmmədəliyev & Bünyadov

Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

وَتِلْكَ ٱلْأَمْثَٰلُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَآ إِلَّا ٱلْعَٰلِمُونَ ﴿٤٣﴾

Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar.

Məmmədəliyev & Bünyadov

Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar.

خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّلْمُؤْمِنِينَ ﴿٤٤﴾

Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.

Məmmədəliyev & Bünyadov

Allah göyləri və yeri haqq olara (lazımınca) yaratdmışdır. Həqiqətən, bunda (bu yaradılışda) mö’minlər üçün bir ibrət vardır!

ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ ۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۗ وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ﴿٤٥﴾

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e’tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!

۞ وَلَا تُجَٰدِلُوٓا۟ أَهْلَ ٱلْكِتَٰبِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ ۖ وَقُولُوٓا۟ ءَامَنَّا بِٱلَّذِىٓ أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَٰحِدٌۭ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ﴿٤٦﴾

İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”.

Məmmədəliyev & Bünyadov

Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qur’ana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

وَكَذَٰلِكَ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ ۚ فَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يُؤْمِنُونَ بِهِۦ ۖ وَمِنْ هَٰٓؤُلَآءِ مَن يُؤْمِنُ بِهِۦ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلْكَٰفِرُونَ ﴿٤٧﴾

Beləcə, bu Kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Onların arasında ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.

Məmmədəliyev & Bünyadov

(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Qur’anı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qur’ana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

وَمَا كُنتَ تَتْلُوا۟ مِن قَبْلِهِۦ مِن كِتَٰبٍۢ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَ ۖ إِذًۭا لَّٱرْتَابَ ٱلْمُبْطِلُونَ ﴿٤٨﴾

Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Sən bundan (bu Qur’andan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).

بَلْ هُوَ ءَايَٰتٌۢ بَيِّنَٰتٌۭ فِى صُدُورِ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ ﴿٤٩﴾

Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edirlər.

Məmmədəliyev & Bünyadov

Xeyr, bu (Qur’an) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər.

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَٰتٌۭ مِّن رَّبِّهِۦ ۖ قُلْ إِنَّمَا ٱلْءَايَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌ ﴿٥٠﴾

Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.

Məmmədəliyev & Bünyadov

(Müşriklər:) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) mö’cüzə nazil olmadı?” – dedilər. (Ya Rəsulum!) De: “Mö’cüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”

أَوَلَمْ يَكْفِهِمْ أَنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَرَحْمَةًۭ وَذِكْرَىٰ لِقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٥١﴾

Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır.

Məmmədəliyev & Bünyadov

Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!

قُلْ كَفَىٰ بِٱللَّهِ بَيْنِى وَبَيْنَكُمْ شَهِيدًۭا ۖ يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْبَٰطِلِ وَكَفَرُوا۟ بِٱللَّهِ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ﴿٥٢﴾

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”.

Məmmədəliyev & Bünyadov

De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ ۚ وَلَوْلَآ أَجَلٌۭ مُّسَمًّۭى لَّجَآءَهُمُ ٱلْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿٥٣﴾

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

Məmmədəliyev & Bünyadov

(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

يَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَٰفِرِينَ ﴿٥٤﴾

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.

Məmmədəliyev & Bünyadov

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qaplayacaqdır!

يَوْمَ يَغْشَىٰهُمُ ٱلْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا۟ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٥٥﴾

O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. Allah deyəcəkdir: “Etdiyiniz əməllərin cəzasını dadın!”

Məmmədəliyev & Bünyadov

O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyə buyuracaqdır.

يَٰعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ أَرْضِى وَٰسِعَةٌۭ فَإِيَّٰىَ فَٱعْبُدُونِ ﴿٥٦﴾

Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin.

Məmmədəliyev & Bünyadov

Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ ﴿٥٧﴾

Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız.

Məmmədəliyev & Bünyadov

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلْجَنَّةِ غُرَفًۭا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ ﴿٥٨﴾

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!

Məmmədəliyev & Bünyadov

İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٥٩﴾

O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər.

Məmmədəliyev & Bünyadov

O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!

وَكَأَيِّن مِّن دَآبَّةٍۢ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦٠﴾

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.

Məmmədəliyev & Bünyadov

(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məişət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ﴿٦١﴾

Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!

Məmmədəliyev & Bünyadov

(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥٓ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿٦٢﴾

Allah Öz qullarından istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir.

Məmmədəliyev & Bünyadov

Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir!

وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ مِنۢ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ﴿٦٣﴾

Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu başa düşmür.

Məmmədəliyev & Bünyadov

Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).

وَمَا هَٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَهْوٌۭ وَلَعِبٌۭ ۚ وَإِنَّ ٱلدَّارَ ٱلْءَاخِرَةَ لَهِىَ ٱلْحَيَوَانُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٦٤﴾

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!

Məmmədəliyev & Bünyadov

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).

فَإِذَا رَكِبُوا۟ فِى ٱلْفُلْكِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ ﴿٦٥﴾

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.

Məmmədəliyev & Bünyadov

(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ وَلِيَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿٦٦﴾

Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və hələlik əylənsinlər. Amma tezliklə biləcəklər.

Məmmədəliyev & Bünyadov

Onlara verdiyimiz ne’məti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib zövz alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq biləcəklər!

أَوَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا حَرَمًا ءَامِنًۭا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِٱلْبَٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ ٱللَّهِ يَكْفُرُونَ ﴿٦٧﴾

Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?

Məmmədəliyev & Bünyadov

Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın ne’mətinimi danırlar?

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِٱلْحَقِّ لَمَّا جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْكَٰفِرِينَ ﴿٦٨﴾

Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?

Məmmədəliyev & Bünyadov

Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Qur’an və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)

وَٱلَّذِينَ جَٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلْمُحْسِنِينَ ﴿٦٩﴾

Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.

Məmmədəliyev & Bünyadov

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö’minlərin tərəfində durar!)