Main pages

Surah She that is to be examined [Al-Mumtahina] in Azerbaijani

Surah She that is to be examined [Al-Mumtahina] Ayah 13 Location Madanah Number 60

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ عَدُوِّى وَعَدُوَّكُمْ أَوْلِيَآءَ تُلْقُونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَقَدْ كَفَرُوا۟ بِمَا جَآءَكُم مِّنَ ٱلْحَقِّ يُخْرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا۟ بِٱللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَٰدًۭا فِى سَبِيلِى وَٱبْتِغَآءَ مَرْضَاتِى ۚ تُسِرُّونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَأَنَا۠ أَعْلَمُ بِمَآ أَخْفَيْتُمْ وَمَآ أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿١﴾

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.

Məmmədəliyev & Bünyadov

Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!

إِن يَثْقَفُوكُمْ يَكُونُوا۟ لَكُمْ أَعْدَآءًۭ وَيَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّوا۟ لَوْ تَكْفُرُونَ ﴿٢﴾

Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər.

Məmmədəliyev & Bünyadov

Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَآ أَوْلَٰدُكُمْ ۚ يَوْمَ ٱلْقِيَٰمَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿٣﴾

Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görür.

Məmmədəliyev & Bünyadov

Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌۭ فِىٓ إِبْرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذْ قَالُوا۟ لِقَوْمِهِمْ إِنَّا بُرَءَٰٓؤُا۟ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ ٱلْعَدَٰوَةُ وَٱلْبَغْضَآءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا۟ بِٱللَّهِ وَحْدَهُۥٓ إِلَّا قَوْلَ إِبْرَٰهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَآ أَمْلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَىْءٍۢ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ ﴿٤﴾

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!”– deməsi istisnadır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.

Məmmədəliyev & Bünyadov

İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” – deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.

رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ وَٱغْفِرْ لَنَا رَبَّنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٥﴾

Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Məmmədəliyev & Bünyadov

Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”

لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌۭ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْءَاخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿٦﴾

Onlarda sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə bilsin ki, Allah Zəngindir, Tərifəlayiqdir.

Məmmədəliyev & Bünyadov

(Ey mö’minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə’rifə (şükrə) layiqdir!

۞ عَسَى ٱللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ ٱلَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةًۭ ۚ وَٱللَّهُ قَدِيرٌۭ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٧﴾

Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında dostluq yaratsın. Allah hər şeyə Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.

Məmmədəliyev & Bünyadov

(Ey mö’minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!

لَّا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمْ يُقَٰتِلُوكُمْ فِى ٱلدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَٰرِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوٓا۟ إِلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٨﴾

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.

Məmmədəliyev & Bünyadov

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

إِنَّمَا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمْ فِى ٱلدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَٰرِكُمْ وَظَٰهَرُوا۟ عَلَىٰٓ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ﴿٩﴾

Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.

Məmmədəliyev & Bünyadov

Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا جَآءَكُمُ ٱلْمُؤْمِنَٰتُ مُهَٰجِرَٰتٍۢ فَٱمْتَحِنُوهُنَّ ۖ ٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَٰتٍۢ فَلَا تَرْجِعُوهُنَّ إِلَى ٱلْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّۭ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَءَاتُوهُم مَّآ أَنفَقُوا۟ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا۟ بِعِصَمِ ٱلْكَوَافِرِ وَسْـَٔلُوا۟ مَآ أَنفَقْتُمْ وَلْيَسْـَٔلُوا۟ مَآ أَنفَقُوا۟ ۚ ذَٰلِكُمْ حُكْمُ ٱللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿١٠﴾

Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir.

Məmmədəliyev & Bünyadov

Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

وَإِن فَاتَكُمْ شَىْءٌۭ مِّنْ أَزْوَٰجِكُمْ إِلَى ٱلْكُفَّارِ فَعَاقَبْتُمْ فَـَٔاتُوا۟ ٱلَّذِينَ ذَهَبَتْ أَزْوَٰجُهُم مِّثْلَ مَآ أَنفَقُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ ﴿١١﴾

Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin yanına getsə və siz də kafirlərlə vuruşub qalib gəlsəniz, ələ keçirdiyiniz qənimətdən zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

Məmmədəliyev & Bünyadov

Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا جَآءَكَ ٱلْمُؤْمِنَٰتُ يُبَايِعْنَكَ عَلَىٰٓ أَن لَّا يُشْرِكْنَ بِٱللَّهِ شَيْـًۭٔا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَٰدَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَٰنٍۢ يَفْتَرِينَهُۥ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِى مَعْرُوفٍۢ ۙ فَبَايِعْهُنَّ وَٱسْتَغْفِرْ لَهُنَّ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿١٢﴾

Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Məmmədəliyev & Bünyadov

Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا۟ مِنَ ٱلْءَاخِرَةِ كَمَا يَئِسَ ٱلْكُفَّارُ مِنْ أَصْحَٰبِ ٱلْقُبُورِ ﴿١٣﴾

Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi, Axirət gününə də ümid etmirlər.

Məmmədəliyev & Bünyadov

Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!